Deyəsən, Vaqif Cavadov "Sumqayıt" üçün pis seçim çıxmayacaq.
Düzdü, gənc mütəxəssis debüt matçında məğlubiyyət almışdı.
Xüsusilə "Turan Tovuz"la matçın ilk hissəsi onun üçün xaosla yadda qalmışdı.
Amma Cavadov elə həmin görüşdəcə təslim olmayacağının mesajını verməyə başladı.
Məsələn, cəmi 28-ci dəqiqədə Cordan Rezabalanı erkən əvəzləməsi ilə.
Qərar ekvadorlu ilə bərabər həm də yoldaşlarına "burada mən deyən olacaq" ismarıcı kimi qəbul edilə bilər.
Ötən mətbuat konfransında intizamla bağlı heç kəsə güzəşt etməyəcəyini əminlikli dilə gətirmişdi.
Bayılda onun istədiyini meydanda gördük.
90 dəqiqə "kimyaçılar" oyun nizamından qopmadı.
İstək, qələbə ruhu da öz yerində.
Ötən turdakı səhvləri görmədik. Müdafiədə etibarlı Bədəlov, orta xəttə daha diqqətli Rezabala vardı.
Hə, bir də Kamran Quliyev. Düzdü, hücumçu qol vurmadı, amma mübarizəsi ilə irəlidə komandasına az fayda vermədi.
Qalır öz dünyasından çıxmayan Rəhim Sadıxovu yola gətirmək.
Ayxan Abbasov, Rəşad Sadıqov, Samir Abasov kimi mütəxəssislərin əlində düzəlməyən "10 nömrə" çətin indi xarakterini dəyişə.
Bu dəfə ehtiyatdan meydana çıxdı. Heç nədən penala səbəb oldu. Bir neçə yaxşı hücumu lazımsız ləngliyi ilə beşikdəcə boğdu.
Bu gedişlə ehtiyatdan oyuna qoşulmaq da Sadıqova qismət olmayacaq.
Qısası, Vaqif Cavadov hələ öz varlığını futbolçulara göstərməklə işə başlayıb.
Paralel oyun sistemində də işlər gedir. Qarşıda daha yaxşı "Sumqayıt" görə bilərik.
B"Səbail"lə oyundakı qələbə çalışdırıcının enişli-yoxuşlu yoluna bir xeyli hamarlıq gətirəcək.
XANOĞLAN İMANOV