"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Premyer Liqanın 10-cu turunda "Turan Tovuz"a məğlub olduqları (2:4) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
Təcrübəli futbolçu ilk olaraq qarşılaşma barədə danışıb.
- İlk hissədə 3 qol buraxmaq ağır oldu. Fərdi səhvlərdən sonra qapımızda qollar gördük. Bundan sonra qayıtmaq bir az çətin idi. 4-cü qolu buraxmasaydıq, bəlkə də oyunu dəyişmək olardı. Şanslar qalacaqdı.
- İlk hissənin ortalarında nə baş verdi ki, bir anda xaos yarandı, ardıcıl qollar buraxdınız?
- Nəsə demək çətindir. Əks-hücumlarda yaxalandıq. Bütün epizodlarda 1 addım gecikdik. Sonda da belə bəsit qollar gördük.
- "Qarabağ" və "Neftçi" ilə oyunlarda pis təsir bağışlamamışdız. Belə məğlubiyyətdən sonra toparlanmaq çətin görünmür?
- Düzdü, oyunumuzda inkişaf vardı. Amma yenə də üzərimizdə işləmək lazımdır. Olanlar arxada qaldı. Önümüzə baxmalı, toparlanıb qələbə qazanmalıyıq.
- Yeni baş məşqçi artıq 25-ci dəqiqə "istefa" şuarı eşitdi. Bunu necə qarşıladın?
- Yaxşı qəbul etmədim. Vaqif müəllimin birinci oyunudur. Ona dəstək olmaq lazımdır. Belə reaksiya gözləmirdim.
- Sonuncu pillədən komandanı cəmi 4 xal ayırır. Bundan sonra "Sumqayıt"ın hədəfinin yalnız liqada qalmaq olacağını demək olar?
- Əlbəttə, ilk mərhələdə məqsəd son pillələrdən uzaqlaşmaq olacaq. Ondan sonra nəsə danışmaq olar.
XANOĞLAN İMANOV