«Sumqayıt» rəhbərliyi ilə Vaqif Cavadov arasında anlaşmanın bəzi əsas məqamları üzə çıxıb.
Samir Abasovun «Neftçi»yə dönüşündən sonra komandanın başına keçən mütəxəssisin aqibəti qış fasiləsinədək əldə olunacaq nəticələrdən asılıdır.
Hazırda bu vəzifənin müvəqqəti icraçısı kimi təqdim edilən Cavadov turnir cədvəlində irəliləyişə nail olarsa, yeni ildə onunla uzunmüddətli müqavilə imzalanacaq.
Ötən mövsümdən bəri əvəzedici heyəti çalışdırmış millinin sabiq hücumçusunun qarşısına konkret məqsəd qoyulub - autsayderlər qrupundan uzaqlaşmaq.
Samir Abasov keçən sezon yaxşı iş gördü, «kimyaçılar»ı Premyer Liqanın dördüncüsü kimi Konfrans Liqasına daşıdı. Cari mövsüm isə onlar üçün olduqca pis başlayıb.
Çempionatın birinci dövrəsində yalnız 2 qələbə və 1 heç-heçə edən «gənclik şəhəri» təmsilçisi turnir cədvəlinin 8-ci pilləsinə yuvarlanıb.
SPORTİNFO.AZ