«Sumqayıt» ilk dövrəni 8-ci pillədə başa vurdu.
«Qarabağ»a məğlubiyyət altıncı oldu.
Və bu, 6 xala malik «Sumqayıt»ın turnir cədvəlinin «dib»inə lap yaxınlaşdırdı.
Samir Abasov əsl məclis adamıdır. Söz üçün cibə girmir. Komandası hər dəfə uduzandan sonra o, bir bəhanə tapır.
Bu dəfə də iddia edib ki, yeganə problemləri hücumçuların «diş»sizliyidir, yaradılan qol epizodlarını dəyərləndirmirlər.
Ay səni dovşan yesin, saxlasın, axşam yesin!
Bilməyən elə bilər ki, bu hücumçuları başqası tapıb gətirib «Sumqayıt»a, Samir Abasovun da onlardan xəbəri olmayıb.
Kasemir Ninqa və Kamran Əliyevin yeri görünür indi. Onlar Abasovun özü göndərdi. Bəyənmədi ki, az qol vururlar.
Hərçənd ki, «Sumqayıt» məhz çadlı forvardın 6 qolu sayəsində Premyer Liqada dördüncü yer tutaraq, 2 illik aradan sonra avrokuboklara qazanmışdı.
Ninqa ilə Əliyevə dodaq büzən Samir Abasov yəqin yeni hücumçuları tapanda yuxulu olub. Bu gələnləri izləyərkən, gözündən yuxu tökülüb, kirpiklərini qaldırmağa çətinlik çəkib.
Ağlı başında, qartal gözlü məşqçi belə səhv etməzdi. Samir Abasov isə o səhvi etdi və «Sumqayıt» bundan zərərçəkmiş durumdadır.
Görmədim də, bu adam bir dəfə durub etiraf eləsin ki, transfer bazarlığını zibil etmişəm, ən böyük təqsir məndədir.
Bəzən elə sifət alır, elə danışır, içində şübhə yaranır ki, hamı günahkardır, bir ondan başqa.
MUSA