"Sumqayıt"da 4 turluq böhran "Neftçi Arena"da sonlandı.
Düzdü, "kimyaçılar" səfər meydanında "Neftçi"ni məğlub edə bilmədi.
Amma buna yaxın olduğu matçda 4 oyunluq məğlubiyyət seriyasına son qoya bildi. Həm də yaxşı futbolla.
Adətən belə məqamlarda kiçik qığılcım yetərli olur. Ki, onu alova çevirə biləsən.
Mövsümə uğursuz başlayan Samir Abasovun komandası hava-su kimi lazım olan qığılcımı "Neftçi" ilə matçda əldə edə bildi.
Qarşıdan isə "Qarabağ"la görüş gəlir.
Psixoloji baxımdan yaxşı durumda olmayan "Qarabağ".
Komanda artıq 4 matçdı avrokuboklarda qələbə üzünə həsrətdir.
"Köhlən atlar"ın belə halının sonuncu dəfə nə vaxt olduğunu xatırlamıram.
Düzdü, daxili yarışlar ayrı, avrokuboklar ayrı səviyyədir.
Lakin sonucda eyni komandadan söhbət gedir. Və istənilən xoş olmayan hadisə kollektivə birbaşa sirayət edir.
Bu məqam "Sumqayıt" üçün göydəndüşmə sayıla bilər.
Nəzərə alaq ki, meydan sahiblərinin "Qarabağ" önündə qələbə təcrübəsi var. Özü yaxın keçmişdə.
Son 5 matçdan 2-də qələbə "gənclik şəhərinin olub.
Hər iki halda da "Sumqayıt"ı "Qarabağ" önünə Samir Abasov çıxarıb.
Tərəflər arasındakı sonuncu dueldə də gülən tərəf Abasovun komandası olub.
Ötən mövsümün sonuncu dövrəsinə təsadüf edən matçda "Sumqayıt" 10 minə yaxın tərəfdarın önündə 3 xalı 1 qolla təmin etmişdi.
Ağdam təmsilçisinin hər dəfə Sumqayıt səfəri toy-bayrama çevrilir.
Yəqin ki, bu dəfə də tribunalarda boş yer tapmaq müşkülə çevriləcək.
Bu, həm də meydan sahibləri üçün əlavə stimul sayıla bilər.
İndi qalır fürsəti lazımınca qiymətləndirmək.
Bunu son nəticələrə görə klubdan incik düşən tərəfdarlarının könlünü almaq yolunda yaxşı fürsət kimi də dəyərləndirmək olar.
XANOĞLAN İMANOV