COP29

Samir Abasov yeni transferlərdən pul "oğurlamayıb", amma…

24 Sentyabr 11:40 Sumqayıt 2 810
Samir Abasov yeni transferlərdən pul "oğurlamayıb", amma…

Premyer Liqada ardıcıl dördüncü məğlubiyyətini alan «Sumqayıt»dan maraqlı iddia irəli sürülüb.

Samir Abasov bir-birini əvəzləyən yenilgilərin səbəbləri içində futbolçuların fikrinin kənar söz-söhbətlərdə qalmasıyla əlaqələndirib.

Onun «Zirə»ylə matçdan sonra söylədiklərinə nəzər salaq:

«Bəzi addımların atmağın vaxtı gəlib. Düşünürük ki, qarşıdakı matçda düzələr, amma yox. Çünki futboldankənar söhbətlərə başları qarışır.

Yaxşı günlər yaşamırıq. Dörd oyundur ki, məğlub oluruq. Belə gedişlə növbəti iki matçı da uduzmağa doğru gedirik.

Komandanı necə düzəldəcəyik…Danışmaq çətindir. Toparlanmalıyıq demək də çətindir. Məncə, komanda daxilində iş görmək lazımdır".

Samir Abasov çarəsiz durumdadır. O, yenə çox danışır, amma heç nə danışmır. Biz onu belə tanımamışıq axı.

Sözünü gah dağdan, gah dərədən salır, mətləb üstünə gəlmir. Deməliydi ki, günah məndədir, yaxşı transfer bazarlığı etməmişəm, demir.

Dünənə kimi ehtiyat skamyanın qısalığından, yeni transferlərin gecikməsindən tez-tez söz açırdı, daha bunu da söyləmir.

Çünki rəhbərlik axır həftələrdə düşərgəni legionerlərlə doldurub. Onların sayı o qədər çoxdur ki, Abasov şəhərdə üz-üzə gəlsə, bəlkə heç tanımayacaq.

Samir bəyin futboldankənar söhbətlər haqda söylədikləri mənə gülməli gəlir. «Sumqayıt»ın heç bir oyunçusu başqa kluba getməyə hazırlaşmır.

Buna hazırlaşan baş məşqçinin özüdür. Yayın əvvəlindən bəri fikri «Neftçi»nin yanında qalıb, nə qədər gizlətsə də, biz bildiyimizi bilirik.

Və bildiklərimiz də bizim üçün yetərlidir ki, «Sumqayıt»ı uğursuzluğa sürükləyən nüansları Abasovun özündə axtaraq.

Eniş olacaq da, 1-2 ay öncə müqaviləyə imza atan legionerlərin bir çoxu hələ də əsas heyətdə özünə yer edə bilmir.

Ehtiyatda əyləşənlərin bir çoxu Abasovun yayda transferini israrla istədiyi əcnəbilərdir. Mənzərəni görərkən, məni fikir bürüyür: görəsən, Abasov onları hansı məqsədlə bura gətirib?

Şəxsinə, xasiyyətinə bələd olmasaydım, götürüb burada yazardım ki, o, transfer əməliyyatlarından yaxşı pul tutub.

Səriştəsizliyə yol verib, sadəcə. Bu da ki, köhnə «xəstəliyidir».

MUSA

Digər Xəbərlər
Xəbər Lenti