"Sumqayıt" yayın "transfer bazarı"nı boşa verdi.
Yeni gələnlərin ortaya bir iş qoya bilməməsinə başqa nə ad verəsən?
Sabah nə olacağını heç kim bilmir.
Amma bu gün fakt odur ki, yayda komandaya cəlb edilən Fernando Medeiros, Nikola Vuynoviçin varlığı ilə yoxluğu bilinmir. Komandadan ayrılan Radoviç də onlardan fərqlənmirdi. Yalnız Rəhim Sadıxovu onlarla müqayisədə nisbətən fərqləndirmək olar. O da ilk vaxtlar özünü yaxşı tərəfdən göstərə bildi. İndi onu da görən yoxdur.
Hələ cəmi 6 tur oynanılıb. "Kimyaçılar" həmin görüşlərdən ikisində qalib də gələ bilib. Yəni heç də hər şey itirilməyib.
Amma dərd başqadır - ortaya qoyulan performans gələcəyə ümid vermir.
Vəziyyətin getdikcə pisləşdiyinin fərqinə varan klub ardıcıl transferlər etmək yolunu seçdi.
Konfrans Liqasındakı oyun öncəsi 4 yeni transferlə yadda qalan "gənclik şəhəri", Premyer Liqanın gedişində ard-arda 6 transferlə güclənməyə qərar verdi.
Təbii ki, qərarın kökündə ziyanın yarısından dönmək həvəsi durur.
Lakin buna yağışdan çıxıb yağmura düşmək desək daha yaxşı olar.
Çünki yeni gələnlər arasında ən son rəsmi oyunda meydana çıxan Silvanus Nimeli olub. O da 4 ay əvvəl.
Hələ digər adlara baxın...
28 yaşlı Miloş Miloviç (Monteneqro) - Sonuncu dəfə bu ilin 10 mayında 19 dəqiqə rəsmi oyunda meydana çıxıb.
26 yaşlı Alan Dias (Braziliya) - Ötən ilin 28 sentyabr tarixində 55 dəqiqə rəsmi oyunda meydanda olub.
28 yaşl Giorgi Karaişvili (Gürcüstan) - Bu ilin 11 may tarixində 30 dəqiqə rəsmi oyunda meydanda olub.
26 yaşlı Silvanus Nimeli (Liberya) - Bu ilin 27 mayında - 26 dəqiqə meydanda olub.
30 yaşlı Rəşad Əzizli mayın 25-i Premyer Liqada son turunda meydana çıxıb. Ondan sonra ən yaxşı halda fərdi məşq məşq edib.
Kimisi zədədən əziyyət çəkib, kimisi də heç kimə lazım olmayıb. Xahiş minnətləq özünü kluba calayanları demirəm.
4-5 ay əvvəl oyuna çıxıblar dediklərimiz arasında klubuna 20-25 dəqiqə lazım olanları da var. Yəni aylar əvvəl daşı daş üstə qoymayıblar.
Bu gün isə "Sumqayıt"a hazır futbolçu lazımdır. Ki, dünən kluba daxil olsun, bu gün meydana çıxsın.
Vəziyyəti dəyişmək üçün.
Lakin gələnlər hamısı yararsız futbolçu təsiri bağışlayır. Ən yaxşı halda qış fasiləsində normal formaya düşə bilərlər.
"Sumqayıt" ölkənin ikinci böyük şəhərini təmsil edir.
Yaxın keçmişdə 3 dəfə avrokuboklarda çıxış edib. 2 dəfə Ölkə Kubokunda final oynayıb.
Böyümək üçün bundan böyük səbəblər? Əvəzində kiçilə kiçilə gedirlər.
Yaxşı futbolçuları gətirmək üçün bundan yaxşı zəmin?
Lakin klub özünü dünən yaranan, bu gün Premyer Liqa havası axtaran "Baku Sportinq" kimi aparır.
Daha ötən il bir zülmlə elitada qalan "Kəpəz"lə Konfrans Liqasında gedən "Sumqayıt"ın fərqi nə oldu?
Əgər hər ikisi də bu mövsüm Premyer Liqada qalmaq uğurunda mübarizə aparacaqdısa...
XANOĞLAN İMANOV