COP29

“Bizə heç kim kömək edən deyil” – Vəziyyətdən necə çıxacaqlar?

18 Sentyabr 20:00 Sumqayıt 362
“Bizə heç kim kömək edən deyil” – Vəziyyətdən necə çıxacaqlar?

Ötən mövsüm yaxşı mənada təəccübləndirməyi bacaran “Sumqayıt” cari “futbol ili”ndə özünə bənzəmir.

“Kimyaçılar” 6 turda cəmi 2 qələbə qazanmaqla 7-ci pillədə yer alıb.

Komandanın xüsusən son 3 oyunda məğlubiyyətləri sıralaması suallara səbəb olub.

Kapitan Elvin Bədəlov Sportinfo.az-a verdiyi müsahibədə qaranlıq məqamlara aydınlıq gətirib.

- Son 3 oyundakı yenilgilərin səbəbini nə ilə izah edə bilərsən?

- Çempionat başa çatandan sonra bir neçə futbolçumuz getdi, onların yerinə yenilər gəldi. Komandanın demək olar 50 faizi yenilənib. Uyğunlaşma ilə bağlı çətinlik var. Problem özümüzdədir, başqa yerdə axtarmaq lazım deyil. Ən qısa zamanda öz oyunumuzu göstərməli, məlum vəziyyətdən çıxmalıyıq.

- Deyirsən, “Sumqayıt”da komandanın yarısı yenilənib, “Şamaxı” isə sıfırdan qurulub. Və bu gün sizi məğlub etməyi bacardı.

- Onlar başqa futbol sərgiləyir, biz başqa. Baş məşqçinin bizdən tələb etdiyi futbol bir az çətindir. Biz baxımlı və dominant futbol göstərmək istəyirik. “Şamaxı” intizamlı, döyüşkən kollektivdir. Əsas diqqəti müdafiəyə ayırıb, əks-hücumlara çıxırlar. Ona görə də onlar üçün oynamaq rahatdır. Futbol fəlsəfələrimiz fərqlidir.

- Sənə elə gəlmir ki, “Fehervar” səddinin keçilməməsindən sonra əhval-ruhiyyə dəyişib?

- Bəlkə də ilk oyunlarda bunun təsiri ola bilərdi. Amma bir şey də var ki, mövsümə yaxşı başlamışdıq, 3 oyunun 2-ni udmuşduq. “Fehervar”la matçlardan 2 ay keçib. O nəticələri unutmuşuq artıq. Problem onunla bağlı deyil.

- Çıxış yolunu nədə görürsən?

- Bizə heç kim kömək edən deyil, ancaq özümüz nəsə etməliyik. Məşqçilər də yox, məhz biz futbolçular çıxış yolu tapmalıyıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!