“Sumqayıt”ın futbolçusu Roy Kehat Sportinfo.az-a müsahibə verib.
İsrailli yarımmüdafiəçi komandasının “Şamaxı”ya məğlubiyyəti (0:1) haqda sualları cavablandırıb.
- Məğlubiyyətə nələri səbəb göstərə bilərsən?
- Erkən qol buraxmağımız üzərimizdə təzyiq yaratdı. Belə başlanğıc gözləmirdik, açığı. Hesab açılandan sonra rəqib əsas diqqəti müdafiəyə ayırıb, bizi əks-hücumlarda tutmağa çalışırdı. Hesaba tarazlıq gətirmək üçün bir neçə şansımız oldu. Qol vura bilmədikcə, yaxşı nəticədən danışa bilmərik.
- Mövsümə uğurlu başlaya bilməməyinizin səbəbi nədir?
- Razıyam, hədəflərlə yaşananlar üst-üstə düşmür. Cəmi 6 tur geridə qalıb. Qarşıda bizi 30 oyun gözləyir. Vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- Komanda daxilində sanki nələrsə baş verir?
- İnanın, qlobal heç nə baş verməyib. Sadəcə, heyətin yarısı dəyişib, yeni futbolçular gəlib. Uyğunlaşma ilə bağlı problem yaşayırıq.
- Hansı futbolçuların gedişi sizə daha çox çətinlik yaradıb? Ad çəkə bilərsən?
- Ad çəkməyi düzgün hesab etmirəm. Futbolçu həyatı elədir ki, ömürlük bir komandada qalmırsan. Biri gedir, bir başqası gəlir. Ona görə də konkret bu mövzuya fokuslanmaq doğru olmaz. Keçmişlə bağlı danışmaq istəmirəm. Bundan sonranı düşünməliyik.
HƏBİB