Hal-hazırda «Sumqayıt»da işlər yaxşı getmir.
Üç turdur uduzurlar.
Samir Abasovun bir ayağı artıq çöldədir. Xəbəri olmayanlar bunu bilsin.
«Sumqayıt»da problem baş məşqçinin özündən qaynaqlanır. Son 1-2 ayda bir vaqon legioner gətirib, komanda özünə gəlmir ki, gəlmir!
Həmişə demişəm, yenə sözümün üstündəyəm - transfer bazarlığını Samir Abasova etibar etmək olmaz! Girdisə bazara, zay məhsul alıb gətirəcək.
Gizlətməyin yeri yoxdur ta! O, seçim etməkdə bacarıqsızdır.
Kasemir Ninqa, Abu Dosso, Kamran Əliyev - haradadırlar, harada! Yeni gələnlər onların ayağının tozu da deyil, vallah!
Nikola Vuynoviç Kasemir Ninqadan iki dəfə çox pul alır, hələ də qol hesabını aça bilməyib. «Şamaxı»nın qapısına yol tapmayan hücumçunu mən neyləyirəm day?!
Samir Abasov enişdə olmaqlarının səbəbini ön xətlə bağlayır. Guya, komandanın hər yeri düzdür, bir saqqal darağı çatmır.
Gözünün içinə kimi yalan bəhanədir bu. Bir gözü «Neftçi»dədir, ora qayıtmağı arzulayır, «Sumqayıt»da başdansovdu işləyir.
Əgər buna işləmək demək mümkündürsə.
Sumqayıtlılar keçənilki «Sumqayıt»ı günün günorta çağır çıraqla axtarır. Üzrlü sayın, hələ çox axtaracaqsız.
Samir Abasov bu gün-sabah getsə, komandanı tör-töküntülərdən təmizləmək də lazım gələcək.
Bu, asan başa gəlməyəcək, vaxt çəkəcək.
ELNUR