COP29

Futbolumuzun təməlindən qorxunc mesaj: "Onlar olmadan gələcək hamımız üçün çətin olacaq"

15 Sentyabr 23:20 Sumqayıt 536
Futbolumuzun təməlindən qorxunc mesaj: "Onlar olmadan gələcək hamımız üçün çətin olacaq"

Futbol ictimaiyyəti Azərbaycan futbolunun ağrılı günlərinin Rövnəq Abdullayev və Elxan Məmmədov tandeminin hakimiyyətdən gedəndən sonra bitəcəyinə ümid edirdi.

Nahaq...

Artıq Rövşən Nəcəf və komandasının federasiyada başlatdığı yeni eradan 6 ay ötür.

Amma ortda real görünən bir iş yoxdur.

Bu müddətdə hansısa nəticədən danışmaq absurddur. Lakin problem oldur ki, hansısa bir proqramın, planın işlədiyinə şahid deyilik.

Əslində milli komandaya yenidən əcnəbi mütəxəssis gətiriləndə məlum idi ki, Nəcəf hakimiyyətinin Abdullayev dönəmindən ciddi bir fərqi olmayacaq.

Adlar dəyişib, yanaşma eyni olaraq qalır. Və hər dəfə əsas millinin məğlubiyyətindən sonra futbolumuzdakı problemin harada olması barədə hər kəs baş sındırır.

Heç baş sındırmalı da nəsə yoxdur.

Görünən kəndə nə bələdçi?

İllərdi hər kəs yaxşı bilir ki, Azərbaycan futbolunun bəlası onun təməlinin yoxluğundadır. Sistemsizlik oradan başlayır, ta ən yuxarı başa kimi.

Zəif olmasında, axsamasında yox ha, yox olmasındadır.

Əbəs deyil ki, bu gün klubların bəziləri əsas komandanın büdcəsini artırmaq üçün akademiyanın məşqçilərini işdən çıxarır, futbolçuların maaşlarını kəsir, hətta təməl qruplarını belə ləğv edirlər.

Məsələn, Sumqayıt Futbol Akademiyasında oxşar proseslər bu yay baş tutdu.

Xüsusilə təməl qruplarının ləğv edilməsi anlaşılmaz olaraq qaldı.

Akademiyada yaxşı ənənə formalaşmışdı. Belə ki, son 4-5 ildə təməl qrupları fəaliyyət göstərirdi. Ölkəmizdə ilk dəfə Sumqayıt akademiyasında yaradılan həmin qruplarda bəzən 4 yaşında belə uşaqları görə bilərdin. Məşqçilərin kifayət qədər əyləncəli təşkil etdiyi məşqlər uşaqlarda futbola sevgini gücləndirir, topla hissiyatı artırırdı. Elə valideynlər də bu qrupun fəaliyyətindən tam razı idi.

Və ən əsası məşqçilər üçün ən kiçik yaş qrupu sayılan U-8 komandası üçün heyət formalaşdırmaq çox asan olurdu.

Nədənsə yeni mövsümün startında məlum oldu ki, daha həmin qruplar olmayacaq.

Təməl qrupunda məşqçi kimi çalışmış Orxan Abdullayev yaxşı ənənənin bu ildən ləğv edilməsini belə şərh edib:

"3 ildi təməl qrupu fəaliyyət göstərirdi. Faydası da çox idi. Çünki 4-5 yaşından uşaqları biz hazırlaşdırırdıq. Heç bir uşağı kənarda tutmurduq. Hər kəsə şans yaradırıq ki, özünü sübut etsin. Ola bilər ki, kimsə bir müddətdən sonra istedadını üzə çıxarmış olar. Məşqçilərə uşaq lazım olanda da rahat götürürdülər. Daha hardansa axtarmağa gərək yox idi. Qısası, hazır komandalar yaradırdıq".

Gənc məşqçi balacalara işləməyin çətinliyindən söz açıb. Amma buna rəğmən uşaqlar üçün darıxdığını da etiraf edib:

"Mütləq dərəcədə bu yaşda olan uşaqlarla ünsiyyətdə səbrli olmalısan. Çünki hər cür xasiyyətdə uşaq olur. O yaşda məşqdə ağlayanı, darıxanı olur. Kiçik bir sözdən inciyəni də olur. Onlara alışmaq üçün mütləq səbrli olmalısan. Açığı, çətinliklərə rəğmən onlar üçün çox darıxırıq. Çünki ən balaca yaş qruplarımız idi. Onlarla olan məşqlərdən həzz alırdıq. Əmin olun ki, hər biri məşqə sevinə-sevinə gəlirdi".

Abdullayev bu gün də valideynlərin onlarla əlaqə saxladığını sözlərinə əlavə edib:

"Bəli, maraqlananlar olur. Düzü, uşaqların çoxu uzaqlaşdı. Bəzi valideynlər təməl qrupu olmadığı üçün uşaqları yalnız dərsə yönləndirib. İstəyənlər üçün ödənişli qruplar fəaliyyət göstərir. Ümid edirəm ki, təməl qrupları yenidən bərpa ediləcək. Çünki akademiyaya faydası çoxdur. Təməl olmadan gələcək hamımız üçün çətin olacaq".

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!