COP29

Gül kimi komandanı niyə dağıtdın, başına iş qəhət idi?

27 Avqust 11:40 Sumqayıt 6 721
Gül kimi komandanı niyə dağıtdın, başına iş qəhət idi?

«Sumqayıt» ikinci məğlubiyyətini dördüncü turda aldı.

«Turan Tovuz»dan sonra «Sabah»a da yenik düşdülər.

Deyəsən, «Sumqayıt»da səfər sindromu yaranıb. Doğma şəhərdən kənarda çıxdıqlarında, artıq «özlərindən gedirlər».

Ötən sezon belə deyildi, indi belədir. Hə, niyə belədir? Səbəbini Samir Abasovda axtarmalı, günahı da onda görməliyik.

Futbolçular əsgər, baş məşqçi generaldır. Uduzmaq varsa, məsuliyyəti o, daşımalıdır.

Yəqin ki, vaxtı çatanda Abasovdan bu açıqlamanı eşidəcəyik.

Mənim gördüyüm budur ki, Abasov əvvəlki şövqünü itirib, işinə həvəssiz yanaşır. Gözü orada-burada ola da bilər. Bunu bilmək olmaz.

Hər halda daha iddialı və imkanlı klubda çalışmağı hansı məşqçi arzulamaz?

Samir Abasov yay bazarlığını lazımı səviyyədə etməyib. Qoy, dansın.

Qoy, desin ki, aldığı yeni legionerlər gedənlərdən yaxşıdır, komandasının gücünə güc qatıb. Bu, belə deyil axı.

Təzələr hələlik əvvəlkilərin ölənlərinə rəhmət oxutdurur. Nə Kazemir Ninqa, nə Kamran Əliyev, nə də o yapon kimisi var indi.

Yenilərə verilən pul daha çoxdur, qatqı isə çox az. Nədənsə klubun prezidenti Riad Rəfiyev baş məşqçisinə münasibətdə də çox mərhəmətlidir.

Ondan soruşmur ki, ötənilki komanda ruhu hara getdi, niyə getdi? Bunlar vacib suallardır.

Hər yay heyəti söküb-yığmaq normal hal olsaydı, Qurban Qurbanov belə edərdi də. Samir Abasova kim demişdi ki, oturduğun yerdə özünə problem aç, «onurğa sütunu»nu dağıt?

Başına iş qəhət idi, di, indi əziyyətini çək!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti