COP29

“Sportinfo”nun əməkdaşı Macarıstandan yazdı: Bunlar onun GÖZÜNDƏN QAÇMADI - FOTOLAR

2 Avqust 19:20 Sumqayıt 700
“Sportinfo”nun əməkdaşı Macarıstandan yazdı: Bunlar onun GÖZÜNDƏN QAÇMADI - FOTOLAR

"Sumqayıt" Konfrans Liqası ilə erkən vidalaşdı.

İkinci təsnifat mərhələsinin cavab görüşündə "Fehervar"ın qonağı olan təmsilçimiz matçı bərabərliklə başa vurdu - 0:0.

Evdəki görüşdə 1:2 məğlub olan "kimyaçılar" bu mərhələdəcə mübarizəni dayandırmalı oldu.

Paytaxt Budapeştdən 90 km uzaqda yerləşən Sekeşvehar şəhərində keçirilən matçda yaşanan bir sıra hadisələr diqqətdən qaçmadı.

İlk oyundakı qələbəyə rəğmən yerli azarkeşlərin matça marağı az idi. Oyun günü şəhərdə olan sakitlik arenaya da sirayət etmişdi. 14200 nəfərlik tutumu olan "Sosoi arena"da vur-tut 4000 tərəfdar cəm olmuşdu. Gələnlər də o qədər aktiv deyildi. Yalnız qapı arxasında yer alan azarkeş qrupunu bu baxımdan müsbət mənada fərqləndirmək olardı. 90 dəqiqə susmadılar.

"Sumqayıt"a dəstək olmaq üçün arenaya gələn həmyerlilərimizin sayı isə 50-dən çox olmazdı. Deyəsən, yerli azarkeşlərin səssizliyi onlara da təsirsiz ötüşməmişdi. Bəzən dəqiqələrlə tribunada səssizlik hökm sürürdü. Ancaq həmyerlilərimizdən hansısa canfaşanlıq görmürdük. Hətta 90 dəqiqə onların səsinin eşidilmədiyini də əminliklə deyə bilərik.

Rəsmilər barədə eyni fikri əsla demək olmaz. İlk dəqiqələrdən VİP-Lojada yer alan klub mənsubları azarkeş rolunu üzərlərinə götürmüşdü. Davamlı futbolçulara dəstək nümayiş etdirirdilər. Bu məqamda Müşahidə Şurasının sədri Elnur Məmmədlinin xüsusi aktivliyini qeyd etməyə bilmərəm.

İkinci yarının gedişində baş məşqçi Samir Abasov ona yaxınlaşıb əvəzlənməsini istəyən Vujnoviçə ehtiyat skamiyanı göstərməklə cavab verdi. Bu, "davam etməkdən başqa çarə yoxdur" mesajı idi.

Final fitindən sonra "Sumqayıt"lı futbolçular hər nə qədər yorğun və məğlub əhval-ruhiyyədə olsa da onlar üçün əziyyət çəkib gələn azarkeşlərə tərəf gedib minnətdarlıq etməyi unutmadılar.

Ölkəmizin Macarıstanda olan səfiri Tahir Tağızadə "Sumqayıt"a dəstək olmaq üçün geniş heyətlə arenada yerini almışdı. Bundan əlavə səfirliyin 50-yə yaxın həmyerlimizə bayraq və şərflər payladığını qeyd edək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti