COP29

"Sumqayıt" üçün pis bitən Macarıstan dərsi

1 Avqust 17:00 Sumqayıt 655
"Sumqayıt" üçün pis bitən Macarıstan dərsi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə "Sumqayıt" Macarıstan təmsilçisi "Fehervar"ın qonağı oldu.

Bakı vaxtı ilə 21:00-da startı verilən qarşılaşmanın ilk dəqiqələrində meydan sahibləri ərazi üstünlüyü ilə başlayıb.

Bu tədricən təhlükəli xarakter aldı.

İlk epizodda meydan sahiblərinin 8 nömrəli futbolçusunun təhlükəli zərbəsi qapıdan aralı keçdi.

Ardınca Mehdi Cənnətov uzaqdan vurulan zərbə zamanı "Sumqayıt"ı qoldan xilas etdi.

Təxminən 4 min nəfər azarkeşin izlədiyi görüşdə komandamız yalnız 13-cü dəqiqədə rəqib qapısına yaxınlaşa bildi.

Vujnoviçin ötürməsindən sonra Rövlan Muradovun zərbəsi təhükəli alındı.

Cavab çox gecikmədi.

Cəmi 2 dəqiqə sonra Patrikin uzaqdan zərbəsindən sonra top qapının bir neçə santimetr üzərindən keçdi. Cənnətov yalnız izləmə mövqeyində dayandı.

Sanki bu epizod sumqayıtlıları ayıltdı.

Əbəs deyil ki, hissənin sonuna kimi macarlar qapımıza yaxın gələ bilmədi. Düzdü, qonaqlar da eyni sakitliklə yadda qaldı.

Əvəzində ərazi üstünlüyü bizimkilərdə idi.

Bu dəqiqələrdə VİP-lojada əyləşən klub rəsmilərinin azarkeş qiyafəsinə bürünüb aktiv formada komandamıza dəstək nümayiş etdirməsi də undulmamalıdır.

İkinci yarının startı tərəflərin qarşılıqlı təhlükəli hücumlar etməsi ilə yadda qaldı.

48-ci dəqiqədə Səbuhi Abdullzadənin başla fərqlənməsinə meydan sahiblərinin qolkiperi əla seyvlə mane oldu.

2 dəqiqə sonra meydan sahibləri təhlükəli cərimə zərbəsi ilə qaydda qaldı.

Xoşbəxtlikdən top qapı dirəyinə tuş gəldi.

Ümumilikdə isə üstünlük "kimyaçılar"da idi.

Bunun fərqinə varan Tamas Peto Katonanın əvəzinə Matyası meydana buraxdı.

Bu dəyişiklik işə yaramayınca 67-ci dəqiqədə çalışdırıcı dayaq yarımmüdafiəçisi Hüszti Kasper Larsenlə əvəzlədi. Məqsəd "Sumqayıt"ın artan təzyiqini ortada boğma idi.

Qismən müəssər olduğunu deyə bilərik.

Bunda Abasovun o dəqiqəyə kimi 1 əvəzetmə etməməsi də az rol oynamırdı.

Aşkar sezilirdi ki, futbolçular yorulub. Yeni qan mütləqdir. Amma kim? Ehtiyat skamiyada belə birisini tapmaq səhrada su tapmaq qədər çətin idi. Təcrübəli çalışdırıcının həmkarı ilə müqayisədə passiv əvəzetmə görüntüsü buna söykənirdi.

Lakin 84-cü dəqiqədə təmsilçimiz üçün yaxşı fürsət yarandı.

Kristensən ağır xəsarət alaraq oyuna davam edə bilmədi. 5 əvəzetmədən istifadə edən "Fehervar" son 6 dəqiqəni azlıqda oynamalı oldu. Buna baş hakimin əsas vaxta əlavə etdiyi 6 dəqiqəni əlavə etsək, fərqlənmək üçün kifayət qədər zaman deməkdir.

Ancaq istək başqa, reallıq başqa.

Yorulan futbolçular yalnız cinah asmaları ilə nəsə etməyə cəhdlə yadda qaldı.

Onda da yararsız ötürmələr, tələskənlik və rəqib futbolçuların uca boyu təhlükəyə əl yeri qoymurdu.

Hakimin final fiti isə bütün ümidlərin üzərindən xətt çəkmiş oldu.

Düzdü, hər iki oyunda da "Sumqayıt" rəqibindən ən azı geri qalmadı.

Avrokuboklarda isə yaxşı oynamaq və ya layiqli mübarizə aparmaq yetərli deyil.

Gərək əlinin altında geniş və sabit heyətin olsun.

"Sumqayıt" bu baxımdan çox axsayırdı.

Ötən mövsümün sonu onsuz da kasad olan heyətdə növbəti kütləvi ayrılıq yaşandı.

Əvəzində az sayda yeni transfer edildi. Gələnlərin isə adaptasiya üçün zamanı olmadı.

Ümid edək ki, klub üçün bu yaxşı dərs oldu.

Ki, növbəti belə fürsətdə oxşar səhvə yol verilməsin.

Biləcəridən o tərəfə sınaq meydanı deyil. Bunu dərk etmək lazımdır ki, daha 1 şəhəri yox, ölkəni təmsil edirsən. Ora hazır və ambisiyalı getmək şərtdir.

Şərtləri qarşılamırsansa, üzücü aqibətlə barışmaqdan başqa yol qalmır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti