"Sumqayıt" Macarıstana məğlub yollanır, amma ümidsiz yox.
Evdəki qarşılaşma göstərdi ki, bu "Fehervar"a qarşı oynamaq olar.
İlk matçdakı məğlubiyyətin yeganə səbəbkarı baş hakim oldu.
Albaniyalı referi gərəksiz yerə öncə Murad Xaçayevə sarı vərəqə, ardınca da qırmızı vərəqə göstərdi. Halbuki ən azı vərəqəsi olan müdafiəçini ikinci epizodda bağışlamaq olardı.
Belədə bəlkə də bu gün "Zirə", "Sabah" kimi "Sumqayıt"ın da irihesablı qələbəsindən danışırdıq.
Bir də vurulan qoldan sonra meydan sahiblərinin bir qədər qorxaq futbol oynamasını unutmamalıyıq.
İstənilən halda, Sumqayıtdakı görüş cavab matçına ümid yeri qoydu. Hətta azlıqda qalan komandamız "Fehervar"a asanlıqla təslim olmaq fikrində olmadığını göstərdi.
Amma təmsilçimizin işi bu dəfə ikiqat ağır olacaq.
İlk öncə ona görə ki, ciddi heyət sıxıntısı yaranıb. İsa Sulimaninin zədələnməsindən sonra sistem dəyişikliyinə gedən Samir Abasovun Xaçayevin cəzalı duruma düşməsi səbəbindən bu gün faktiki 1 stoperin ümidinə qalıb. Çalışdırıcının bu dəfə nə edəcəyi çətin sual olaraq qalır.
Digər məsələ bu dəfə rəqibin yox, təmsilçimizin yol yorğunluğuna məruz qalacağıdır. Düzdü, "Fehervar"dan fərqli olaraq "Sumqayıt" 2 gün əvvəl Macarıstana çatacaq. Ancaq bu da əlavə güc itkisini tam aradan qaldıra bilməz.
Və ən önəmli digər detal qonaq meydanı amilidir.
İlk görüşdə "kimyaçılar" arxasında 8 mindən artıq azarkeş ordusunu sözün həqiqi mənasında hiss etmişdi.
Bu dəfə isə 14 min azarkeş tutumu olan "Mol arena"da "Fehervar"la bərabər rəqib azarkeşlərə qarşı döyüşmək zərurəti yaranacaq.
Sumqayıtlı futbolçular bu qədər çətinliyə sinə gələ biləcəkmi?
Ümid edək ki, çətin sualın cavabına 31 iyul gecəsi biz arzuladığımız formada aydınlıq gələcək.
XANOĞLAN İMANOV