"Sumqayıt" Konfrans Liqasına məğlubiyyətlə başladı.
Evdə Macarıstanın "Fehervar" klubunu qəbul edən təmsilçimiz meydandan 1:2 hesablı məğlubiyyətlə ayrıldı.
Nəticə komanda üçün uğurlu olmasa da, Səbuhi Abdullazadə haqqında eynisini demək olmaz.
Mərkəz yarımmüdafiəçisi yəqin ki, bu qarşılaşmaya karyerasının ən xoş anıları arasında yer ayıracaq.
Axı 22 yaşlı futbolçu "kimyaçılar"ın avrokuboklardakı ilk qolunun müəllifi kimi tarixə keçdi.
"Sumqayıt" komandasının tarixi qolunu bir sumqayıtlının vurmasından gözəl hadisə?
Lakin Abdullazadə təkcə vurduğu qolla yadda qalmadı.
O, yetirməsi olduğu klubun ilk qələbəsi üçün bütün fədəkarlıqları etdi.
Meydanın ən yaxşılarından olan "8 nömrə" matça dayaq yarımmüdafiəçisi kimi başladı.
Murad Xaçayevin 32-ci dəqiqədə qırmızı vərəqə almasından sonra stoper mövqeyinə keçdi.
63-cü dəqiqədən isə sol cinah müdafiəçisi kimi meydanda tər axıtdı.
90 dəqiqə dayanmadan əzmkar mübarizə aparan orta sahə oyunçusu bütün ikili mübarizələrdə qalib tərəf idi. Hətta bir neçə hücumda meydan dərinliyindən sonuncu fazasına kimi varlığını ortaya qoya bildi.
Ancaq onun da fədakarlığı xilaskar olmağa yetmədi.
Ümumiyyətlə, son dövrlər oyununda böyük inkişaf sezilən yerli futbolçu sürətlə yerli publikanın sevgisini qazanmaqdadır.
XANOĞLAN / SPORTİNFO.AZ