COP29

Əla başlanğıc, şanssız an və böyük ümid

27 İyul 23:40 Sumqayıt 844
Əla başlanğıc, şanssız an və böyük ümid

25 iyul Sumqayıtda əsl futbol bayramı yaşandı.

Yerli komanda Macarıstan “Fehervar”ını Konfrans Liqasının 2-ci təsnifat mərhələsində doğma divarlar arasında qonaq edirdi.

Ötən ilin sonu yenidən qurulması başa çatan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yeni görkəmində ilk avrokubok matçını qəbul etdi.

Qarşılaşmanın startına 1 saatdan artıq vaxt qalmış artıq arenaya gələn mərkəzi yollar tam bağlanmışdı.

Yalnız xüsusi buraxılışa sahib nəqliyyat vasitələrinin girişinə icazə verilirdi.

Bu, tamaşaçıların gediş-gəlişini asanlaşdırmağa hesablanmışdı.

Yeni qurulan turniketlər fəaliyyət göstərməsə də, matça gələnlərin yerlərinə keçməsi çox nizamlı şəkildə həyata keçirildi. Hansısa sıxlıqdan, narazılıqdan söhbət gedə bilməz.

Stadionun ərazisində isə ilk olaraq əyləncəli oyunlar fanatların yolunu gözləyirdi.

Maraq göstərib iştirakçı olanları da vardı, tribunadakı yerinə tələsənləri də.

Yerli publika vacib matçda komandasını yalnız buraxmadı.

Qonaq tribunasındakı boşluğu kənaraq qoysaq, digər sektorlarda boş oturacaqlar elə də çox deyildi.

“Kimyaçılar” matça arenaya toplaşanların arzuladığı tərzdə start verə bildi.

Samir Abasovun kollektivi güclü rəqibi önündə ilk dəqiqələrdən özünü əsl meydan sahibi kimi göstərirdi.

Bunun məntiqi nəticəsi olaraq Səbuhi Abdullazadə 18-ci dəqiqədə erkən qolla hər kəsi sevincə qərq etdi.

Əslində buna qədər də bir neçə qol fürsətimiz olmuşdu. Bir epizodda isə baş hakim Flerian Lyata qonaqların qapısına penal vermək cəsarətini özündə tapmadı.

Ümumiyyətlə, albaniyalı referi macarlara daha çox simpatiya göstərməsi ilə yadda qaldı. Normalda bunu ev sahiblərinə edildiyini görmüşük.

Görünür, bunda da “Sumqayıt”ın bəxti gətirməmişdi. Onun ən ağır qərarı isə 32-ci dəqiqəyə təsadüf etdi.

O, Murad Xaçayevin mərkəz dairəsindəki ikili mübarizə zamanı hərəkətini birbaşa qırmızı vərəqə ilə qiymətləndirdi. Halbuki aktivində 1 sarı vərəqəsi olan stoperə göz yummaq olardı. Heç Murada verilən birinci vərəqə də mənə görə ədalətli qərar deyildi.

Düzdü, meydan sahibləri qoldan sonra arxaya qapanmaq, öz oyun sistemindən çıxmaqla bir xaos yaratmışdı. Macarlar tədricən qapımıza yaxınlaşmaqda idi. Ancaq Muradın meydandan qovulması onların əl-qolunu tamamilə açmış oldu. Nəticədə cəmi 7 dəqiqə sonra bərabərlik qolu gəldi.

Fasiləyə kimi Tamaş Petonun komandası bir neçə qol imkanını da qaçırmış oldu.

Onun komandası yalnız fasilədən sonra – 52-ci dəqiqədə önə keçə bildi. Bu dəfə Ksaba Spandler stopper mövqeyində yaranan boşluqdan məharətlə istifadə etdi.

Vəziyyətin daha da acınacaqlı ola biləcəyini vaxtında sezən Samir Abasov sol cinah müdafiəçisi Radoviçi Vüqar Mustafayevlə əvəzlədi. Vüqar stoper mövqeyinə düşdüsə, Səbuhi Abdullazadə sol cinah müdafiəçisi kimi çıxış etməyə başladı. Oyuna dayaq yarımmüdafiəçisi kimi başlayan Abdullazadə Xaçayevin qırmızı vərəqəsindən sonra stoper mövqeyinə çəkilmişdi.

Yalnız bu yerdəyişmədən sonra “Sumqayıt” oyuna qayıda bildi. Daha “Fehervar” özünü meydandan rahat hiss etmirdi. Hətta 1-2 məqamda təmsilçimiz bərabərlik qolunu da vurmağa yaxın oldu. Tribunaların son saniyələrə kimi boşalmamasında da sumqayıtlı futbolçuların göstərdiyi yaxşı mübarizə az rol oynamadı.

Lakin sona qədər tərəflər fərqlənə bilməyincə “Sumqayıt” ilk matçda haqq etmədiyi məğlubiyyətlə barışmalı oldu. Nə qədər qəribə səslənsə də evdəki məğlubiyyət səfərdəki görüş öncəsi ümid verdi.

Elə buna görə idi ki, üzgün görünən tərəfdarlar məğlub tərəf olmalarına rəğmən layiqli mübarizəyə görə futbolçu və məşqçi heyətini alqışlarla paltardəyişmə otağına yola saldılar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...