Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının hakim təyinatları məlumdur.
Görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Florian Lata, köməkçi hakimlər Xulio Mani və Reydi Zaimi olacaq. Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək.
1997-ci ildə anadan olan referi 23 yaşından Albaniyanın yüksək liqa oyunlarına təyinat alıb. 25 yaşında isə FİFA hakimi statusuna yiyələnib.
26 yaşlı hakimin beynəlxalq oyun təcrübəsi zəngin deyil. Milli komandalar səviyyəsində yalnız U-17-lərin iki matçında iş başında olub.
Avrokuboklarda isə baş hakim kimi bu ay debüt edib. Konfrans Liqasının I təsnifat mərhələsinin Maltada keçirilən “Florianna” – “Tre Penne” qarşılaşmasını idarə edib və bu sınaqdan üzüağ çıxmağı bacarıb.
Ötən mövsüm Albaniyanın yüksək dəstəsində cəmi 10 matçda meydanda əsas söz sahibi olub.
26 yaşlı referinin minlərlə azarkeşin gözləri önündə çətin imtahandan necə çıxacağını 90 dəqiqənin tamamı göstərəcək. Ümid edək ki, təcrübəsizliyi sumqayıtlıların əleyhinə işləməyəcək.
“Sumqayıt” – “Fehervar” qarşılaşması 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ