COP29

"Qarabağ" və "Neftçi" təcrübəsi təkrarlanacaqmı? - Sumqayıtlılar üçün

24 İyul 17:00 Sumqayıt 682
"Qarabağ" və "Neftçi" təcrübəsi təkrarlanacaqmı? - Sumqayıtlılar üçün

Ötən mövsümü 4-cü pillədə qapayan “Sumqayıt” ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

2 gündən sonra mübarizəyə qoşulacaq “Kimyaçılar”ın burada rəqibi Macarıstan “Fehervar”ıdır.

İlk görüş Sumqayıtda baş tutacaq.

25 iyul Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın biletləri 15 iyul – matçdan 10 gün əvvəldən satışa çıxarılıb. Gözləmək olardı ki, qısa müddətdə satışa çıxarılan biletlər tükənəcək.

Yeni arena, əcnəbi rəqib və böyük turnir həyəcanı. Bilet almaq üçün bundan böyük səbəb?

Arxada qalan 8 gündə sahibinə çatan bilet sayı isə hələ 5 mini ötməyib.

Arenanın tutumunun 9500 nəfər olduğunu nəzərə alsaq, deməli, “Sumqayıt” macarları dolu tribunalar önündə qəbul etməyə bilər. Klubu belə bir təhlükə ilə üz-üzə qoymaq olmaz.

Macar klubunun böyük Avropa təcrübəsi var. Heyətləri və büdcələrinə görə də “kimyaçılar”ı bir xeyli qabaqlayırlar.

Deməli, Samir Abasovun komandasının belə məqamda “12-ci oyunçu”nun köməyinə böyük ehtiyacı olacaq. Abasovun məşqçi bacarığı, futbolçuların mübarizə əzmi yetərli olmaya bilər. Həm də yerli publikanın öz varlığını hiss etdirməsi lazımdır.

“Sumqayıt”ın arxada qoyduğumuz mövsümün gedişində dolu tribunalar önündə “Qarabağ” və “Neftçi” kimi rəqibləri məğlub etməsini unutmamışıq. Məhz həmin dolu tribunların köməyi ilə. Həmin sıraya “Fehervar”ı da qoşmaq pis olmazdı. Amma...

Hər fürsətdə Sumqayıtın futbol şəhəri olmasını dilə gətiririk.

Həqiqətən də sumqayıtlılar idmanın şahını sevir.

Amma bəzən sevməklə də iş bitmir.

Arenaya gəlmək, şəhərin tək komandasına dəstək olmaq mütləqdir.

Axı bu matç yerli çempionat oyunlarından biri yox, avrokubok qarşılaşmasıdır.

Hə, kimsə biletlərin qiymətindən narazılıq edə bilər. Ən ucuz bilet 5 manatdır. Daxili yarışlarda bu rəqəm 2 manatla əvəzlənir.

Məncə, şəhər əcnəbi bir klubu qonaq edirsə, bu dəfə əlavə xərcə düşməyə də dəyər.

İl boyu meydanda futbolçular, kənarda azarkeşlər sırf avrokuboklara getmək üçün min bir əziyyətə qatlaşıb.

İndi isə bir yerdə səfasını çəkmək vaxtıdır.

Tarix 25 iyul, görüş vaxtı 20:00.

Əziz sumqayıtlıar sevimli komandanızla Avropa səhnəsindəki görüşə tələsin...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti