COP29

"Soyuq müharibə”

17 Sentyabr 21:00 Sumqayıt 533
"Soyuq müharibə”

“Sumqayıt”ın Şamaxı səfərində klubun rəhbər adamı stadionda deyildi.

Oyun başlayandan qurtarana qədər gözlərim Riad Rəfiyevi axtardı.

VİP-lojada, klub rəsmilərinin yer aldığı sektorunda, texniki zonada – heç yerdə yox idi.

Bir ay əvvəl Tovuzdakı oyuna getmişdi axı. Həm də tək yox, ailə üzvləri ilə birlikdə.

Mənə elə gəlir ki, “Sumqayıt”ın mövsümə uğursuz başlamasının başlıca səbəbi Samir Abasovla Riad Rəfiyev arasında yay fasiləsində başlayıb, bu günə qədər davam edən “soyuq müharibədir”.

Abasov ötən yay güc-bəla ilə yığıb avrokuboklara vəsiqə qazandırdığı komandanın yayda param-parça olmasını seyr etməklə kifayətləndi. Əsas fiqurları komandada saxlamaq mümkün olmadı. Onların yerinə gətirilənlər isə “lax” çıxdı.

“Sumqayıt”ın transfer çalışmaları Rəfiyevin əlində və nəzarətindədir. Məşqçilər heyəti yalnız onun təklif etdiyi namizədlərin arasında seçim etməlidir. Adam el arasında daha çox futbol agenti kimi tanınırsa, kimisə yaxın buraxar? Əsla!

Komandaya yeni cəlb olunan futbolçuların səviyyəsi göz qabağındadır. Kənardan aşkar görünürsə, gör Samir Abasovun bildiyi nələr var. Hələ yaydan mesaj verirdi ki, gedənlərin yerini doldurmaq lazımdır. Yaxşı futbolçular gətirilməlidir.

O, elə xarakterə sahibdir ki, bildiyini heç kimə verməz. Kiməsə üstünə toz qondurmağa razı olmaz. Bildiyi nəsə var mütləq. Ona görə də istefa mesajını vermir. Nə də rəhbərliyə ağzını açıb söz demək imkanı yaradır.

Rəfiyev yaxşı bilir ki, baş məşqçinin əleyhinə nəsə danışsa, Abasov ona işıqlı dünyanı peşman edəcək. Bu dəqiqə imkanı olsa, baş məşqçiyə qapını göstərər. Kimdir ona bu imkanı verən? Gələn ilin yayına qədər müqaviləsi var.

“Sumqayıt”ın problemi komandadakı dəyişikliklərlə bağlı deyil. Dəyişikliyə qalsa, “Araz-Naxçıvan”la “Şamaxı” sökülüb, təzədən yığılıb. Birinin 10, o birinin 8 xalı var.

“Kimyaçılar”ın dərdi yarıtmaz transfer fəaliyyəti ilə bağlıdır. Faktiki, yeni gələnlər gedənlərdən səviyyəcə aşağı təsir bağışlayır.

Baş məşqçi keyfiyyətsiz futbolçulara görə özünü günahkar görmür, prezident isə nəticələrə görə baş məşqçinin cavab verməli olduğunu düşünür.

Slavişe Radoviçin günün günorta çağı çantasını yığıb, başını də götürüb qaçması boşuna deyildi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti