COP29

Gözü də, qulağı da, ürəyi də "Neftçi"dədir – Hazırkı iş yerində gün sayır

31 Avqust 14:40 Sumqayıt 6 138
Gözü də, qulağı da, ürəyi də "Neftçi"dədir – Hazırkı iş yerində gün sayır

Çox güman ki, «Sumqayıt»ı növbəti avrokuboklar sezonunda görməyəcəyik.

Elə Samir Abasovun özünü də. Onun komandanın başında sonuncu mövsümünü keçirməsinə dair qənaət formalaşıb bəndənizdə.

Təsadüfən, yatıb yuxuda gördüklərimə əsasən belə fikrə gəlməmişəm.

Roman Qriqorçuk «Neftçi»də qələbə qazanmadıqca, sanki Samir Abasovun da «Sumqayıt»da əli işdən soyuyur.

Ona can atır, bəs sizə elə gəlmir?

Ukryanalının hər uğursuz oyunundan sonra onun adının «Neftçi» ilə daha tez-tez hallandırılması boşunadırmı ki?

Abasovun gözü də, qulağı da, ürəyi də «Neftçi»dədir.

İki ildən sonra təkrar ora dönməyin xəyallarını qurur. «Neftçi» haqda suallara cavab verərkən, üz cizgilərinə kim diqqət edib? Baxın, nə qədər xiffət çəkməsinə əmin olacaqsız.

«Sumqayıt»ın beş turda 3 yenilgi alması nə yeni transferlərin hələ adaptasiya prosesi keçməsiylə bağlıdır, nə Konfrans Liqasına erkən vida etməyin acısıyla.

Rəhbər də həmin rəhbərdir. Riad Rəfiyev yenə əlindən gələn hər şeyi edir ki, komanda gücləndirsin, Sumqayıt camaatını sevindirsin.

Əlqərəz, burada hər kəs öz üzərində düşən işi görür, bircə Samir Abasovdan savayı. «Neftçi»ni daha çox düşündüyü üçün «Sumqayıt» keçib ikinci plana.

Bu da onda performans enişinə gətirib çıxarıb. Özünü oyunlara hazırlaya bilmir, futbolçularını necə kökləsin?

«Sumqayıt» başbilənləri gərək indi «Neftçi»dəki həmkarları ilə təmas qursun, onlardan xahiş etsin ki, Qriqorçukun yaxın vaxtlarda istefaya göndərilməcəyi yönündə bəyanat yaysınlar.

Bəlkə ondan sonra Samir Abasov ayılar, arzularından vaz keçər, türklər demiş, kəndinə dönər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti