COP29

Onun ayağı dəydiyi yerdə...

31 İyul 17:00 Sumqayıt 1 635
Onun ayağı dəydiyi yerdə...

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Fehervar” – “Sumqayıt” oyunu hakim təyinatları məlumdur.

Matçı İsveçdən Kristoffer Karlsson idarə edəcək.

Ona həmyerliləri Mikael Hallin və Markus Lundqren Klitte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.

39 yaşlı skandinaviyalı referi 2013-cü ildən beynəlxalq dərəcəli hakim statusunu daşıyır ki, bu müddətdə müəyyən yol keçdiyini deyə bilərik.

Karyerasının ilk illərində “dördüncü” kimi təyinat alıb ki, bizimkilərlə yolu da o dönəmlərdə kəsişib.

İlk dəfə 2013-cü ildə. 11 il əvvəl oktyabr ayının 10-da U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində İsveçdə İrlandiya yığması ilə qarşılaşanda oyunu yerli hakimlər idarə edib.

Və Karlsson bu görüşü dördüncü hakim kimi izləyib. Oyun irlandların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bundan 2 gün sonra Arif Əsədovun rəhbərlik etdiyi kollektiv Bosniya və Hersoqovina ilə üz-üzə gəlib. Karlsson yenə “dördüncü” funksiyasını yerinə yetirib. 90 dəqiqə ərzində qapılara top vurulmayıb.

İsveçlinin yolu bizimkilərlə bir də 2015-ci ilə kəsişib. Həmin ilin iyulunda indiki “Şamaxı” Avropa Liqasının I təsnifat mərhələsində səfərdə “Hafnarfyordur”u 2:1 hesabı ilə məğlub edəndə,

Kristoffer həmin qələbənin canlı şahidi olub. Təbii ki, bu dəfə də dördüncü hakim kimi.

2017-ci ildə ona Azərbaycana səfər etmək və “Qarabağ”ı iş başında görmək nəsib olub.

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutan “Qarabağ” – BATE duelində Karlsson texniki zonada yaşananlara nəzarət etmək, əvəzetmələri həyata keçirmək tapşırığı alıb. Ağdamlılar bu oyunda Belarus çempionuna boyun əyib – 0:1.

Göründüyü kimi, isveçli referinin ayağının dəydiyi 4 oyunun 1-də bizimkilər qələbə qazanıb, 1-də heç-heçə edib, 2 halda uduzub. Ümid edək ki, bu axşam sevinən tərəf “Sumqayıt” olacaq.

Bu gün keçiriləcək “Fehervar” – “Sumqayıt” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “İdman TV” telekanalında canlı yayımlanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti