
"Sumqayıt"ın ötən yay heyətinə qatdığı legionerlərdən biri də Silvanus Nimeli oldu.
Liberiya millisinin forvardı hücum xəttindəki problemlərin həllində yardımçı olmalıydı.
Samir Abasovun dönəmində ona doğma olan hücumçu mövqeyində 5 matçda çıxdı. 2 sarı vərəqədən başqa heç nə ilə yadda qalmadı.
Samir Abasovu baş məşqçi postunda əvəzləyən Vaqif Cavadov ilk gündən 26 yaşlı forvarda güvənmədiyini göstərdi.
Düzdü, ehtiyat skamiyaya yollamadı, amma mövqeyini dəyişdi.
Hücumçu dönüb oldu cinah müdafiəçisi.
Elə "Sumqayıt" karyerasında vurduğu yeganə qolu da "beşli" müdafiənin solunda çıxış etdiyi "Səbail"lə matçda vurub.
Sonradan Cavadov onu yenidən 2 matçda hücumçu kimi sınamağa qərar verdi.
Amma yenə ümidləri puç edincə arxa xəttə qaytarıldı.
Bir müddət zədədən əziyyət çəkən "99 nömrə"nun heç burada da faydalı ola bilmədiyi açıq demək lazımdır.
Məsələn, "Şamaxı" ilə son oyunda 19 yaşlı Edqar Adilxanov Nimeliyə gün verib, işıq vermədi.
Belədə legioner hücumçudan cinah müdafiəçisi düzəltmək niyə bu qədər vacib olsun?
Son zamanlar öz yetirmələrinə ən çox şans tanıyan klubların başında "Sumqayıt" gəlir.
Məncə, Cavadov Nimeli mövzusunda da ciddi düşünməlidir.
Çünki yerli gənclərin səhvlərinə səbr edib, böyüməsinə yol açmaq daha faydalı, daha asan olar, nəinki afrikalı forvarddan müdafiəçi düzəltmək.
XANOĞLAN / SPORTİNFO.AZ