Azərbaycan futbolunda özünəməxsus yeri olan Yunis Hüseynov fevralın 1-də 60 yaşını tamamladı.
Onun yetişməsində ilk məşqçisi - əfsanəvi Konstantin Abramenko əsas pay sahibi olub.
Gəncədə "Dyad Kostya"nın bünövrəsini qoyduğu gənc Yunis 1984-98-ci illər ərzində o zaman Azərbaycanın ən güclü klubu "Neftçi”nın heyətində 336 oyun keçirib, 101 qol vurub.
"Neftçi”nin heyətində ölkə çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokun (1993, 1994) qalibi olan Hüseynov 1994 və 1998-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
O, 9 il "flaqman"ın kapitanlıq sarğısını daşıyıb.
Yunis Hüseynov 1993-98-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 34 oyun keçirib, 4 qol vurub.
O, baş məşqçi kimi də Azərbaycan futbolunun tarixinə yazdırmağı bacarıb.
Yunis Hüseynovun "Karvan"ı 2006-cı ildə Trnava "Spartak"ını həm evdə, həm də səfərdə 1:0 hesabı ilə məğlub edərək UEFA Kubokunda (indiki Avropa Liqası) mərhələ keçib.
Bununla Azərbaycan klub futbolunun tarixində ilk dəfə bir təmsilçimiz həmin turnirdə mərhələ keçib.
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu yubiley münasibətilə futbolumuzun tarixinə "ən yaxşı solaxay oyunçu" kimi düşmüş Yunis Hüseynov haqqında videosüjet hazırlayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN