
Belarus Futbol Federasiyasının sədr müavini Andrey Vasileviç komandalarının DÇ-2026-nın seçmə mərhələsinə hazırlığını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, federasiya rəsmisi Tacikistan (5:0) və Azərbaycan (2:0) milliləri ilə keçirilən yoldaşlıq görüşünə əsasən müsbət fikirlər səsləndirib.
Onun fikrincə, Belarus yığması seçmə mərhələdə uğurlu nəticələr göstərə bilər:
“Tacikistan və Azərbaycanla oyunlarda futbolçularımızın hazırlıq səviyyəsinə bələd olduq. Həm sərgilənən oyun, həm də statistika ürəkaçandır.
Əlbəttə ki, yoldaşlıq görüşündəki rəqiblərlə seçmə mərhələdə qarşılaşacağımız komandalar eyni səviyyədə deyil.
Qrupda Şotlandiya və Yunanıstanı eyni gücdə saymaq olar. Danimarka nisbətən yüksək səviyyəli komandadır.
Ancaq son yoldaşlıq matçları göstərdi ki, komandamız futbol oynamağı bacarır.
Ümid edirik ki, həmin vaxta qədər ciddi zədələr olmaz. Komandamızın gələcəyinə ümidimiz böyükdür”.
Belarus millisi C qrupunda Danimarka, Yunanıstan və Şotlandiya ilə qarşılaşacaq. Qrupda mübarizəyə sentyabrda start veriləcək.