Bir neçə gündür Türkiyə və Azərbaycan mətbuatında türkiyəli mütəxəssis Fatih Təkkənin AFFA-da təsis olunacaq Futbol direktoru vəzifəsini tutacağı ilə bağlı xəbərlər dolaşır.
Sportinfo.az xəbər verir ki, “Football-plus.az bu iddia ilə bağlı qurumun rəsmi mövqeyini öyrənib.
Daha dəqiqi, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli açıqlamasında hansısa təyinatdan söhbət getmədiyini deyib.
Məsələnin ciddiliyini nəzərə alaraq, Fatih bəylə əlaqə saxlanılıb. Türkiyəli məşqçi ölkəmizə səfərinin səbəblərini və təəssüratını bölüşüb:
“Bəli, bir neçə gün əvvəl AFFA rəhbərliyinin dəvəti ilə Bakıda olduq. Həmin şəxslərlə müəyyən görüşlər keçirildi. Hər şey yaxşı keçdi. Bakıya ilk səfərim idi. Qardaş ölkədə olmaq mənim üçün önəmli hadisədi. Azərbaycan futboluyla bağlı informasiya topladıq, üstün tərəflərini və çatışmazlıqlarını öyrəndik. Düzü, bizdən konkret nə istədiklərini anlaya bilmədik. Hər halda, ziyarətimiz çox yaxşı keçdi".
Fatih Təkkə paytaxtımıza səfərinin səbəblərindən də danışıb:
"Bakıya səfərimin səbəbi Azərbaycan futboluna necə fayda verə biləcəyimlə bağlı idi. Düzü, bu yöndə gözləntilərimiz qarşılanmadı. Əvvəlcədən deyilənlərlə sonradan edilən söhbətlər arasında bağlılıq yox idi. Sadəcə, maraqlı söhbət etmiş olduq. Sonda ortaya nəsə çıxmadı. Bir neçə gündən sonra mənimlə əlaqə saxlayacaqlarını demişdilər. Hələ ki xəbər yoxdu. Üç-dörd gündü Türkiyədəyəm. Qardaş ölkədə futbolun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq”.
Təkkənin adı Azərbaycanın U-21 yığması ilə hallanır.