
"Bizim onun belə bir problemindən xəbərimiz yox idi".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Şirvan təmsilçisi son transfer əməliyyatını başa vura bilməyib.
Son olaraq İraqda "Erbil"in formasını geyinmiş Kollin Andersonun sənədlərində problem yarandığından, "şirlər" bu keçidi rəsmiləşdirə bilməyib.
Tibbi müayinədən uğurla keçən hücumameylli yarımmüdafiəçi, demə, onlara yalan danışıbmış. "Erbil"də icarə əsasında çıxış etdiyini gizlədibmiş.
Karyerasına yerli “Kavalyer”də başlayan Kollin hələ də bu kluba məxsus imiş. 2022-2023-cü illəri icarə əsasında Şimali Makedoniyada keçirən Amerika qitəsinin nümayəndəsi “Breqalnika Stip”in uğurları üçün tər töküb.
Ötən ilin yayında isə Balkan yarımadasından İraqa üz tutub, “Erbil”lə müqavilə imzalayıb. İki ay öncə isə ərəb ölkəsindən ayrılıb.
2023-cü ildə Yamaykanın əsas yığmasına dəvət alan və bu müddətdə 2 oyuna çıxan Kollin “Kavalyer” barədə azərbaycanlı funksionerlərə heç nə deməyib.
Şamaxının eyniadlı təmsilçisi “Ebil”ə sorğu göndərincə, iraqlılar məlumat verib ki, amerikalının sənədləri onlarda deyil.
Vinger yalnız bundan sonra “Kavalyer”lə bağlantılarının qaldığını bildirib. “Şirlər” qarşı tərəfə 3 dəfə sorğu göndərib və hər dəfəsində rədd cavabı alıb.
Yəni, onlar bu transferin gerçəkləşməsinə razılaşmayıblar. Şirvanlılar 10 gündür burada olan Kollinə klubu ilə problemi çözməsini tapşırıb, di gəl, səbəbkar da həmyerlilərini yola gətirə bilməyib.
A.Abbasovu dinləyək:
"Onun sənəd problemi var idi. Vaxt verdik ki, özü məxsus olduğu klubla danışıb, problemi aradan qaldırsın.
Çox çalışdı, amma heç nə edə bilmədi. Yamayka klubu onu sərbəst buraxmadı.
Bundan sonra heç bir transfer etməyəcəyik. Mövsümü hazırkı heyətlə başa vuracağıq.
Maraqlandığımız bəzi legionerlər olsa da, onlar bura gəlmədi".