COP29

"Bu klubda halal-haram bilmirlər, biz kişi sözünə inanmışdıq, indi görürük ki… "

23 Sentyabr 11:20 Şamaxı 2 188
"Bu klubda halal-haram bilmirlər, biz kişi sözünə inanmışdıq, indi görürük ki… "

Ötən mövsüm «Şamaxı»nın formasını geyinən və yayda buradan ayrılan futbolçular pis vəziyyətə düşüb.

Bu barədə onların bir qrupu redaksiyamıza məlumat verib.

«Şirlər»i I Liqanın çempionu etmiş oyunçular klub rəhbərliyi tərəfindən aldadıldığını bildiriblər:

«Bizə demişdilər ki, AFFA sentyabrda kluba pul köçürəndə, sizin də mükafatınız veriləcək. Çünki hələ mayda bizə vəd etmişdilər ki, Premyer Liqaya vəsiqə qazanaq, hərəniz 5000 manat alacaqsız.

Komanda çempion oldu, AFFA da bugünlərdə avqust ayının ödəməsini etdi, ancaq bunlar indi sözlərinin arxasından qaçırlar. Adlarını rəhbər qoyublar, elədikləri hərəkətdən utanmırlar.

Deyirlər ki, yayda legionerlər gətirmişik, onların pulunu vermək bizim üçün daha vacibdir.

Birinci Liqada oynayanda az qala yalvarıb-yaxarırdılar, dəqiqəbaşı gəlib deyirdilər ki, çempion olaq, Premyer Liqaya çıxaq, mükafatınızı da alacaqsız, komandada da qalacaqsız.

Nə söz vermişdilərsə, heç birini tutmadılar. Üç-dörd nəfəri saxladılar, hamımızı göndərdilər.

Neçə dəfə 5000 manatı nə vaxt ödəyəcəklərini soruşmuşuq, cavab verirlər ki, sizə veriləsi pulumuz yoxdur, gedin, hara istəyirsiz, şikayət edin.

Qalmışıq çarəsiz. İçimizdə elə futbolçular var ki, 5000 manatın veriləcəyinə arxayın olub, gedib başqa problemlərini həll etmək üçün borca girib.

İndi də qalıb çapalaya-çapalaya, nə götürdüyü borcu qaytara bilir, nə də ki, əli harasa çatır. AFFA-ya şikayət etmişik, ərizə və məktub yazmışıq, xeyri yoxdur.

AFFA da bizə kömək edə bilmir. AFFA-dan «Şamaxı»ya zəng vurublar, cavab bu olub ki, müqavilədə 5000 manata dair bəndə yoxdur.

Bəs komandanın qarşısında verilən vəd? Axı onlar mükafatı ödəyəcəklərini bütün komandanın qarşısında vəd vermişdilər.

Belə deyək də, biz kişi sözünə inanmışdıq, indi görürük ki… «Şamaxı»da halal-haram bilmirlər.

Biz də öz halal pulumuzu bu adamlara halal etmirik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti