COP29

"Pulunuzu ödəyəcəyik, daha "Sportinfo"ya heç nə deməyin"

16 İyul 11:40 Şamaxı 1 157
"Pulunuzu ödəyəcəyik, daha "Sportinfo"ya heç nə deməyin"

Xəbər verdiyimiz kimi, «Şamaxı»nı tərk edən futbolçular AFFA prezidenti Rövşən Nəcəflə görüşmək niyyətindədir.

Komandadan ayrılan oyunçuların bir neçəsi bu barədə redaksiyamıza məlumat verib.

Onların bildirdiyinə görə, rəhbərlik tərəfindən aldadılıblar. Ötən mövsümün başa çatmasından 2 aya yaxın vaxt keçsə də, hələ də aprel və may aylarının maaşını almayıblar:

«Burada qalanların pulunu veriblər, bizim isə yox. Get-gələ salırlar. Nə vaxt zəng vururuq, «gözləyin» deyirlər.

Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşını haradan alıb veriblər? AFFA pulu köçürübsə, bəs bizim maaşımız hara gedib?

Bunu aydınlaşdırmaq üçün AFFA-ya gedəcəyik. Şəxsən prezidentlə görüşmək istəyirik ki, əsl həqiqəti bilək.

«Şamaxı» rəhbərliyi heç kimdən çəkinmir. Deyirlər ki, kimə istəyirsiz, şikayət edin, bizə heç kim heç nə edə bilməz».

"Şamaxı"dan ayrılan futbolçular iki aya yaxındır maaş ala bilmədiklərindən şikayətlənsələr də, klub rəsmiləri problemin ən qısa zamanda həllini tapacağını deyir.

Bu barədə oxu.az-a açıqlama verən "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov iddia edib ki, komandadan ayrılan bütün futbolçuların borcları ödəniləcək.

"Bəli, hazırda komandada müəyyən pul gecikmələri var. Ancaq bütün futbolçulara bildirilib ki, sizin pullar ödəniləcək, heç kimə sizin pullar ödənilməyəcək deyilməyib.

Ayrılan futbolçulardan da maaşları ödənilənlər var. Yəni ayrılan futbolçulara pul ödənilməyəcək fikri tam əsassız bir şeydir, hissə-hissə bütün borcları bağlayacağıq.

Hamı əmin olsun ki, heç kimin bir qəpiyi bu klubda qala bilməz".

Dünən problemi işıqlandırandan sonra daha bir məlumat aldıq. Redaksiyamızla əlaqə saxlayan bəzi futbolçular bildirdilər ki, klubdan onlarla əlaqə saxlanılıb.

Deyilib ki, ödəmələrdə gecikmə AFFA ilə əlaqədardır. Belə ki, federasiya yardım paketini hələ də tam köçürməyib.

Oyunçulara o da tapşırılıb ki, problem barədə saytımıza daha heç bir informasiya verilməsin. Çünki bu, onların xoşuna gəlmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti