
“Neftçi”nin yetirməsi, bu mövsümdən "Şamaxı"nın formasını geyinən müdafiəçi Rüfət Abbasov Premyer Liqanın 31-ci turunda "Kəpəz"i məğlub etdikləri (2:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Qələbə təəssüratların necədir?
- Çətin oyun olacağını bilirdik. Rəqib son zamanlar uğurlu oyunlar keçirir. Uğurlu olacağımıza inanırdıq. Şükürlər olsun ki, sonda qələbə qazandıq.
- 31 turun hamısını meydanda olmusan. Mövsümün əvvəli özünü Premyer Liqada bu səviyyədə çıxış etməyə hazır hiss edirdin?
- Əlbəttə, özümə hər zaman inanmışam. Azərbaycanlı uşaqlar da futbol oynamağı bacarır. Çalışdıq, çox əziyyət çəkdik. Xüsusilə məşqçilərin əziyyətini qeyd edərdim. Mənə güvəndikləri üçün çox sağ olsunlar. İnşallah, belə də davam edər. Mövsümün sonuna kimi bütün oyunlarda çıxış etməyi çox istərdim.
- Artıq "Şamaxı" ilə bərabər gənclər millimizin də əsas üzvüsən. Psixoloji olaraq bu yükü daşımaq çətin deyil?
- Milli komanda hər bir futbolçunun arzusudur. Hər zaman ölkəmi təmsil etməkdən qürur duymuşam. Bu da məni əlavə motivasiya edir.
- Premyer Liqada qalmaq hədəfinin yerinə yetirildiyini demək olar. Növbəti 5 tura sizi nə motivasiya edəcək?
- Yuxarı pillələrdə olmaq istəyirik. Həm futbolçular, həm də komanda üçün maksimum üst pillədə yer almaq faydalıdır.
XANOĞLAN İMANOV