Belə hücumçu ilə Premyer Liqada qalmaq… Cəhənnəm əzabı kimi bir şey!

13 Aprel 22:55 Şamaxı 2 039
Belə hücumçu ilə Premyer Liqada qalmaq… Cəhənnəm əzabı kimi bir şey!

Cari futbol ilinin başında söylənsəydi ki, «Şamaxı» 30 tura 31 xal toplayacaq və turnir cədvəlinin yeddinci pilləsində yerləşəcək, buna bir Tanrı qulu inanmazdı.

Nəinki sən, nəinki mən, Ayxan Abbasovun özü də təxmin etməzdi bunu.

Amma işi gözlədiyindən də yaxşı alındı və «Şamaxı» o böyük təhlükədən qurtardı. Praktiki cəhətdən artıq vəzifəsini yerinə yetirmiş sayıla bilər.

Ardıcıl iki məğlubiyyətdən sonra Sumqayıt səfərinin əhəmiyyəti xeyli artmışdı. Yenə uduzsaydılar və ya xal itirsəydilər, dünya gözlərində qaralacaqdı.

İlk hissədə «Şamaxı» sstresdən çıxa bilmədi. Müdafiədə yanlışları çox oldu. «Sumqayıt»ın ara ötürmələrini önləməkdə aciz idilər.

Ronaldo Vaskes və Roi Kehatın qarşısını almağa güclük çəkdilər. Bir neçə epizodda şansları gətirdi, «Sumqayıt» fərqi açmadı.

Ayxan Abbasov fasilədə nətəhər üstlərinə qışqırdısa, nə söylədisə, ikinci hissədə «Şamaxı»nı tanımadıq. Maykl Tuik və Alfons Msanqanın qolları yekun nəticəni müəyyənləşdirdi.

Rüfət Abbasov və Edqar Adilxanovun qələbədə payı daha böyükdür.

Bu iki gənci Premyer Liqaya qazandırdığı üçün Ayxan Abbasovun əlini sıxmaq gərək.

Yanvarda gəlib, qol hesabını apreldə açan Maykl Tüiklə çempionatda qalmaq uğrunda mübarizəni davam etdirə bilmək də bir bacarıqdır.

Ayxan Abbasovun anası namaz üstəymiş ki, o, boş qapının torunu silkələyə bildi. Bu Tuik nə başla oynaya bilir, nə ayaqla.

Topu başla vurmaq lazım gələndə, ayağını irəli uzadır, ayaqla zərbə endirmək lazım gələndə, başnı önə doğru tərpədir.

Çox bərbad hücumçudur, kəm-kəsiri çoxdur.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...