
“Şamaxı” Bakı səfərindən xalla ayrıldı.
27-ci turun açılış matçında “Araz-Naxçıvan”la qarşılaşan bölgə təmsilçisi ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, fasilədən sonra bərabərlik topunu vurmağı bacardı.
Sportinfo.az-a açıqlama verən rumıniyalı yarımmüdafiəçisi Andrey Tırkoveaanu oyunla bağlı təəssüratlarını bölüşüb:
“Bura ağlımızda tutduğumuz qələbə dalınca gəlmişdik. Komandanın son matçlarda sərgilədiyi oyun və qazanılan nəticələr daha yaxşısını etməyə imkan verirdi.
Düzdür, ilk hissədə istədiklərimizi edə bilmirdik. Lakin ikinci yarıda oyunu bütünlüklə xeyrimizə dəyişməyi bacardıq.
Bərabərlik topunu vurduq, əlavə 2-3 real qol şansı yaratdıq. Sərgildiyimiz oyunla qələbəyə çox yaxın idik.
3 xal hədəfimizə çatmasaq da, “Araz-Naxçıvan”la səfərdəki 1 xalı qazanc hesab edə bilərik”.
Meydanda ən fəallardan olan Andrey fasilədən sonra komandasının ifasındakı parlaq oyunu paltardəyişmə otağındakı söhbətlə əlaqələndirib:
“Birinci hissədə yaxşı oynamadığımızın fərqindəydik. Fasilənin olması xeyrimizə işlədi.
O müddətdə aramızda söhbət edərək nələri dəyişməli olduğumuzu anladıq. Baş məşqçimiz lazım olan tapşırıqları verdi, biz də dediklərinə əməl edərək istədiyimizə nail olduq”.
Üçüncü dövrədən sonra xalların sayını 28-ə yüksəldən “Şamaxı” eyni xallara sahib “Neftçi” ilə 6-7-ci pillələri bölüşür.
HƏBİB