
Andrey Tirkoveanu Azərbaycana yeni gəlib.
Bir aydan bir az çox olar.
«Şamaxı» ilə müqavilə bağlayan ərəfədə azad agent statusu daşıyıb.
Xeyli müddət futbolsuz qaldığından, «Şamaxı»ya heç-neçəyə başa gəlib. Burada qəpik-quruşa oynayır.
Rumıniyalı yarımmüdafiəçinin müqavilə sənədi iki hissədən ibarətdir. Komanda Premyer Liqada yerini qorusa, birillik sözləşmə bəndi avtomatik qüvvəyə minəcək, bununla paralel, əməkhaqqısı da nəzərəçapacaq qədər artırılacaq.
«Şamaxı» Andreyi saxlaya bilsə, getsin papağını göyə atsın. Rumın qış fasiləsindən sonra Premyer Liqaya təşrif buyurmuş ən səliqəli və keyfiyyətli legionerlərdən biridir.
Müəyyən qədər artıq çəkidən əziyyət çəksə də, oynadıqca formaya düşəcək. O, meydanı görmək qabiliyyəti, topla incə rəftarı və güclü zərbələri ilə artıq diqqətləri üzərinə çəkə bilib.
Tirkoveanu «Araz-Naxçıvan»ın orta sahəsini necə qarışdırdısa, hamı pərən-pərən düşdü. «Şamaxı» birinci hissədə autsayderə bənzəyirdi, rumının fəallaşması sayəsində fasilədən sonra mərkəzi götürdü.
Rumın istər oyun qurmaq planında, istərsə də ikinci toplara çatmaq baxımından «Şamaxı»nı canlandırdı.
Bir zərbəsi də qapı dirəyindən döndü. «Araz» qıl payı hesabına ikinci qolu qapısında görmədi.
«Şamaxı» Mərdəkanda 1 xal qazanmadı. İki xalı dəniz sahilində qoyub, təmsil etdiyi rayona qayıtdı.
Birinci hissədə «Araz»ı çox yorub, ikinci 45 dəqiqəni öz aktivlərinə yazdılar, xeyli qol epizodu yaxaladılar.
Qətiyyən hiss elətdirmədilər ki, onlar debütant və autsayder, «Araz» isə çempionatın iddialı iştirakçısıdır.
KAMİL