"İki işi icra etmək mənim üçün çətin olmayacaq"

14 Mart 22:10 Şamaxı 206
"İki işi icra etmək mənim üçün çətin olmayacaq"

"Şamaxı" Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sporinfol.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qarşısına avrokubok hədəfi qoyan komandalara qarşı oynamaq çətindir. Çempionat sona yaxınlaşdıqca hər kəs oyunlara final kimi yanaşır. Azarkeşlərimizə təşəkkür edirəm. Ağır qrafikdə idik. Bizim üçün böyük dəyişikliklər etmək çətindir. Uzun müddətdir təbii örtüklü meydançada oynamırdıq. İlk dəqiqələrdə bunun çətinliyi hiss olunurdu. Rəqib üstün olsa da, real qol epizodu bizdə oldu. Təssüf ki, istifadə edə bilmədik. Daha sonra kobud səhvdən qol buraxdıq. İkinci hissədə futbolçularımdan razı qaldım. Bəlkə də 3 xalı əldən verdik. Hər iki komanda 1 xal qazandı. Bizim üçün vacib xaldır. Bu stabilliyi qorumalıyıq.

- U-21 millisinin baş məşqçisi təyin olundunuz. "Şamaxı"dakı işinizə davam edəcəksiz?

- Millidə çalışmaq mənim üçün şərəfdir. Bu vəzifəni daşımağa canla-başla razı oldum. AFFA rəhbərliyinə təşəkkür edirəm. Mövsümün sonuna qədər "Şamaxı"dayam. "Şamaxı" rəhbərliyi gənclərin oynaması üçün alışıb-yanır. Biz yayda gənc oyunçuların çox olmasını istəyirdik. Təəssüf ki, hamısını gətirə bilmədik. Qarşıdakı aylarda müzakirə edəcəyik. Gələn il gənc futbolçuların oynaması çətin olacaq. Artıq Premyer Liqada legioner limiti ləğv olunub. Klubla, federasiya ilə müzakirə edib ən yaxşı qərarı verəcəyik.

- İki işi icra etmək çətin olmayacaq?

- Yox. U-21-in təlim-məşq toplanışı olacaq. Vaxtımız azdır. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyik. Elnur Çodarovla Kamil Qafarov bu təlim-məşq toplanışında mənimlə birlikdə olacaq. "Şamaxı"da 6-7 məşqdə iştirak etməyəcəm. Bu da problem olmayacaq. Növbəti toplanışlarda yeni köməkçilər olacaq.

- Milli fasilə "Şamaxı"nın işinə yarayacaq?

- Bu suala cavab vermək çox çətindir. Nəticələrdən sonra biləcəyik. Ağır qrafikdə oynadıq. Məncə, 3-cü dövrə bizim üçün pis keçmədi. Futbolçuların istirahətə ehtiyacı var. İnanıram ki, fasilə xeyrinizə olacaq.

- Belə iddialar var ki, "Şamaxı" U-21 millisinin bazası olacaq. Klub rəhbərliyi buna razıdır?

- Klubun mənafeyini qoruyacağıq. Mütləq şəkildə komandada legionerlər olacaq. Elə bir fikir yoxdur ki, "Şamaxı"da yalnız gənc futbolçular oynasın. Amma istəyərdim ki, U-21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin. I Liqada və ya Əvəzedicilər liqasında məşq edib oynamaqla Premyer Liqa klubunda məşq edib oynamaq eyni deyil. Gənc futbolçuların oynaması önəmlidir. Amma onların yanında kimlərin olması da vacibdir. Sintez eləmək istəyirik.

- Fernandu Santuşla görüşmüsüz?

- Yox, görüşüm olmayıb. Təyinatım bu gün rəsmiləşib. A milli ilə mütəmadi əlaqədə olmalıyıq. Çox istəyirəm ki, Santuşla görüşüm, əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar.

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 11:00 Gördüzmi bunu?
14 Mart 10:40 4 qol - VİDEO