
"Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub Premyer Liqanın 26-cı turunda "Sabah" üzərində qazanılan qələbədən (1:0) sonra Sportinfo.az-a müsahibə verib.
Rəhbər şəxs ilk olaraq qələbəni şərh edib:
- Deyəcək söz yoxdur (gülür). Görünən kəndə nə bələdçi? Sevindirici haldır ki, bu qədər əziyyət bəhrəsini verir. Hər kəs deyirdi ki, oyun var, nəticələr də gələcək. Demək ki, belə qanunauyğunluq varmış. Sadəcə sevinirik.
- Sonuncu pillədə qərarlaşan "Səbail"dən 9 xal öndə olmaq dərindən nəfəs almağa imkan verəcək?
- Rahatlıq vermədiyini desəm yalan demiş olaram. Təbii ki, daima sonuncu olmamaq barədə düşünmək gündəlik işlərə də təsirsiz ötüşmür. Bugünkü komfort işimizi daha rahat, peşəkar, soyuq başla davam etməyə imkan verir.
- Bu mövsüm "Sabah"la üçüncü görüşdə də "Şamaxı" məğlub olmadı. Bunun sirri nədədir?
- Görünür taktiki mübarizədə məşqçilər korpusu tərəfindən seçilən yol doğrudur. Həm də iddialı klublara qarşı oyunlarda motivasiyamız daha fərqli olur.
- Bəs iddialı rəqibdən 7 xal qoparmaq Sizi təəccübləndirdi?
- Premyer Liqadakı birinci mövsümümüzdə də "Sabah"la oyunlarımız uğurlu alınırdı. Təəccübləndirir deməzdim, amma hədsiz sevindirir.
- Bu gün kollektivdə özünü yaxşı tərəfdən göstərən başqa legionerlər də var. Yayda onları klubda saxlamaq çətin olmayacaq?
- Çətin olacaq (gülür).
XANOĞLAN İMANOV