
“Şamaxı”nın qışda heyətinə qatdığı Alfons Msanqa əslən Tanzaniyadan olsa da, karyerası Avropa klubları ilə bağlıdır.
21 yaşlı yarımmüdafiəçi bura gələnə qədər Serbiyada “Spartak” və “Novi Sad” klublarının şərəfini qoruyub.
Azərbaycan onun üçün yeni macəra, yeni çağırışdır.
Tanzaniya 17 yaşlılardan ibarət millisinin sabiq üzvü Sportinfo.az-a verdiyi açıqlamada ölkəmizdə gördüklərindən və buradakı yaşayışından söz açıb:
“Azərbaycan haqqında bura gəlməmişdən əvvəl eşitmişdim. Bilirdim ki, inkişaf edən ölkədir, müxtəlif qitələrdən legionerlər cəlb olunur. Ancaq ətraflı məlumatlara sahib deyildim.
Şəxsən tanıdığım futbolçulardan Azərbaycanda oynayanlar olub. Onlar da ölkəniz və çempionatınız barədə xoş fikirlər səsləndirirdilər.
Elə də çox gəzib-dolaşmıram, açığı. Bütün diqqətimi məşqlərə və fiziki hazırlığımı normalda saxlamağa ayırmışam.
Darıxmaqdan da söhbət gedə bilməz. “Şamaxı”da çox gözəl kollektiv var və bundan zövq alıram.
Bu dəqiqə əsas məqsədim futbol oynamaq, komandama fayda verməkdir”.
Msanqa çempionatın ikinci yarısında 5-i əsas heyətdə olmaqla 6 matçda şans qazanıb.
HƏBİB