
“Şamaxı”nın legionerlərinə ayrıca alqış düşür.
Xüsusən də Avropanın “göbəyindən” və Braziliyadan gələnlərə.
Məlumdur ki, bölgələrdə həyat səviyyəsi paytaxtdakı qədər dəbdəbəli deyil. İndiyə qədər Qəbələdə yaşamış futbolçuların, eləcə də “Turan Tovuz”un şərəfini qorumuş əcnəbilərin bu mənada narazılığına az rast gəlməmişik.
Xaricdən gələnlər istirahət günlərini, hətta məşqdən sonrakı zamanını səmərəli keçirmək üçün səbrsizlənir. Bu, onlara oyunlara daha yaxşı köklənmək və can rahatlığı tapmaq baxımından vacibdir.
Təəssüf ki, bölgələrdə istirahət məkanları çox deyil, əyləncə baxımından axsama var.
“Şamaxı”nın braziliyalı hücumçusu Mayk Tuik Sportinfo.az-a Şamaxıdakı yaşayışından söz açıb, xanımı ilə birlikdə zaman keçirmələrindən danışıb:
“Azərbaycan haqda təəssüratlarım kifayət qədər müsbətdir. Ölkənin gözəlliyi, çempionatdakı rəqabət, stadionlar, isti münasibət – hər şey bizi valeh edir.
Açığı, dostlarımdan xoş sözlər eşitsəm də, bu dərəcədə müsbət olacağını gözləmirdim.
Şamaxıya gəlincə, hamımız oteldə qalırıq. Bizim üçün əla şərait yaradılıb. Rahatlıq, yeməklər, trenajor zalı ürəyimcədir.
Xanımım yanımdadır deyə, rahatam. Vaxtımın çox hissəsini SPA-da, trenajor zalında keçirirəm ki, fiziki durumumu tam istədiyim səviyyəyə çatdırım.
Həyat yoldaşım Şamaxıdakı yaşamından razıdır. Hara getdiyimizi əvvəldən bilirdik və asan olmayacağından xəbərdar idik.
Səni nələrin gözlədiyini əvvəldən biləndə, problemlə üzləşmirsən. Hazırda bütün diqqətimi futbola və karyerama ayırdığım üçün istirahət barədə çox düşünmürük.
Darıxmaq? İkimiz bir yerdəyiksə, darıxmaqdan söhbət gedə bilməz”.
Maykl Tuik ölkəmizə gələnə qədər Litvada oynadığı üçün Braziliyadan kənardakı həyat səviyyəsinə alışdıqlarını da sözlərinə əlavə edib.
HƏBİB