
“Şamaxı”nın qış fasiləsində heyətinə qatdığı Alfons Msanqa Sportinfo.az-a müsahibə verib.
Adı futbol təsərrüfatına yad olan Tanzaniyanı təmsil edən 21 yaşlı yarımmüdafiəçi komandasının “Səbail” üzərində qazandığı 2:0 qələbədən sonra sualları cavablandırıb.
- Gərgin və prinsipial qarşılaşmada qalib gəlməyi bacardınız. Nəyin sayəsində?
- İlk növbədə məşqlərdə, xüsusən də oyunda çəkdiyimizin bəhrəsi idi. Digər tərəfdən, bunu Allahın köməkliyi sayəsində bacardığımızı deyə bilərəm. Rəqib ilk dəqiqələrdə pressinq hesabına müəyyən üstünlüyə sahib olsa da, sonradan üstünlüyü ələ alıb 2 qol vurduq və çox sayda qol imkanlarını qaçırdıq. Bu qələbə bizə çox vacib idi. Mənə görə, layiq olduğumuz qələbəni əldə etdik.
- Bu oyunla bağlı xüsusi olaraq hansı tapşırıqlar üzərində hazırlaşmışdınız?
- Digər matçlara necə yanaşırıqsa, bu oyuna da o cür. Məşqçilər heyətinin rəqiblərə uyğun tapşırıqları olur. Önəmli olan onları yerinə yetirmək. Təbii ki, bu dəfə də müəyyən göstərişlər var idi. Deyilənləri olduğu kimi icra etdiyimizə görə sonluq belə alındı. Turnir cədvəli baxımından xal itkisinə yol verməyin mümkünsüz olduğunu bilirdik.
- Birinci hissədə komandaya nə olmuşdu?
- Tək bu oyunda yox, digər komandaların matçlarına da baxsanız görərsiniz ki, meydan sahibləri ilk dəqiqələrdən pressinqlə başlayır, erkən qol vurmaq istəyir. Belə olacağını bildiyimiz üçün bir qədər səbrli davranıb öz imkanlarımızı gözləyirdik. Bilirdik ki, axtardığımız qolu vursaq, oyun daha maraqlı olacaq.
HƏBİB