Baş məşqçinin bir ayağı millidə… Rahat-rahat klubdan gedəcək

5 Mart 14:00 Şamaxı 462
Baş məşqçinin bir ayağı millidə… Rahat-rahat klubdan gedəcək

Son vaxtlar «Şamaxı» yenə qaynayır.

Təlatümlü dövrdür onlar üçün.

Noyabrda Adil Nağıyev və Georgi Kantariyanın adının oyun «alver»ində iştirakçı məlum olunca, qurşaqdan aşağı ilk zərbəni alan komandanı rəhbərliyin Belajdi Pusini satması da sarsıtdı.

Bütün bunlar azmış kimi, Ayxan Abbasovun yol üstündə olmasına dair yayılan yeni xəbərlər…

Ona AFFA-dan təklif gəlib. U-21-i çalışdırmasını istəyirlər.

Tərəflər görüşüb və razılaşıb. Son anda qərar dəyişməsə, Abbasov iyunun ilk günlərində yığmanın sükanı arxasına keçəcək.

«Şamaxı»da hamı bunu bilir.

Narahatdırlar. İstər rəhbərlikdən, istərsə futbolçulardan.

«Şamaxı»nı komanda edən Ayxan Abbasovdur və onun mümkün gedişindən sonra bu «ev»i yenidən tikmək lazım gələcək.

Hazırkı futbolçuların əksəriyyəti bir himə bənddir. Onsuz da, gündə-gündə Kamran İsmayılovun (klubun meneceri) üzünü görməkdən xoşlanmırlar, danışdığı «nağıllar»a qulaq asmaqdan yorulublar: Abbasov ayağını bazadan o tərəfə qoyan kimi dağılışaxaqlar.

Amma Ayxan Abbasov da insaflı adamdır. «Şamaxı»nı turnir cədvəlinin «dib»ində təhvil verib getmək istəmir.

Bu gün işinə daha məsuliyyətlə yanaşır, komandanı oyunlara daha yaxşı hazırlayır…

«Səbail» ilə qarşılaşma «Şamaxı»nın xeyrinə başa çatdı.

Hər hissədə 1 qol vurub, ev sahiblərinə nəfəs aldırmadılar. Ən çox da ikinci yarıda.

Qonaqlar son sıradakı rəqibini meydandan sildi, ancaq süpürmədi. Bütün futbolçuları baş məşqçisi üçün özünü fəda etdi, verdiyi tapşırıqları cani-könüldən yerinə yetirdilər.

Növbəti turlarda da belə oynasalar, «Şamaxı» təhlükəli zonadan çox tez uzaqlaşacaq, heç mayı gözləmək də lazım gəlməyəcək.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti