AFFA-dan təklif aldı, yayı nişan verdi - Deyir, gözlə məni, sevəcəm səni!

14:40 Şamaxı 383
AFFA-dan təklif aldı, yayı nişan verdi - Deyir, gözlə məni, sevəcəm səni!

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Şamaxı»nın Ayxan Abbasovla işbirliyini davam etdirmək niyyətində olmasından xəbərdarsız.

Belə ki, I Liqanın çempionu olaraq elitaya dönən «şirlər» ötən ilin iyununda sükan arxasına gətirdiyi mütəxəssisə 2 illik müqavilə təklif edib.

Rəhbərlik hətta komanda I Liqaya yuvarlansa belə, əksəriyyətin “Patron” kimi tanıdığı çalışdırıcının burada qalmasına tərəfdardır.

Təklifə əsasən, Ayxan Abbasov verəcəyi qərardan çox şey asılıdır. Əgər o, «razıyam» söyləyərsə, «Şamaxı»nın gələn mövsümə aid büdcəsində artım edilməsi nəzərdə tutulur.

Aldığımız son məlumata görə, vaxtilə «Zirə» və «Sumqayıt»ı avrokubolara daşımış, «Turan Tovuz»u Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlmiş mütəxəssis hələ «Şamaxı»dakı gələcəyi barədə yekun qərarını verməyib.

Belə deyək, çalışdırıcı gözləmə mövqeyindədir və tələsik addım atmaq istəmir.

Axı niyə tələssin, ona başqa dəvətlər də var. Premyer Liqanın bir klubu ilə yanaşı, AFFA da Abbasovun xidmətində maraqlıdır. Federasiya 2015-ci ildən elita səhnəsində olan məşqçini U-21-in sükanı arxasında görməyi arzulayır.

Samir Əliyevin gedişindən sonra boş qalan posta hazırda 3 real namizəd var.

Bunlardan biri hazırda "Şamaxı"nı çalışdıran Ayxan Abbasovdursa, digəri "Zirə"nin əvəzedici komandasının sükanı arxasında dayanan Zaur Həşimovdur.

AFFA mənsubları onlarla görüşüb, mümkün əməkdaşlıq yönündə genih danışıqlar aparıb. Prinsipcə, heç biri U-21-də işləməyə etiraz etməyib. İlkin razılıq əldə olunub.

Amma və lakin… Abbasov və Həşimov namizədlər siyahısının 2/3 hissəsini təşkil edir.

Federasiya rəsmiləri dünən də Arif Əsədovu binaya çağırıb. Fernandu Santuşun təyinatından sonra əsas millidəki iş yerini itirən «Neftçi»nin sabiq baş məşqçisi gənclər yığmasında fəaliyyət göstərməyə ikiəlli razı olduğunu bildirib.

Təyinatla bağlı qərar AFFA-nın İcraiyyə Komitəsi (İK) tərəfindən veriləcək. İK-nin isə yaxın tarixdə yığışması gündəmdədir.

Azərbaycan Avro-2027-nin seçmə mərhələsində - B qrupunda yarlşacaq.

Millimizin rəqibləri Portuqaliya, çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq olacaq. Bu etap cari ilin oktyabr ayında start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti