
“Şamaxı”nın əsas fiqurlarından olan Belajdi Pusi karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Bölgə təmsilçisi albaniyalı hücumçunun “Fakel”ə satışına razılıq verdi ki, səbəbkar artıq Voronejdədir.
Sözsüz, Pusinin yoxluğu hər mənada özünü göstərəcək. Cari mövsümdə “şirlər”in heyətində meydana çıxdığı 21 oyunda 5 qol vurub, 4 məhsuldar ötürməyə imzasını yazdıran birinin olmaması hər mənada hiss olunacaq.
Ancaq bir şey də var ki, daha çox qazanmaq və üstün çempionatda oynamaq istəyən futbolçunu məcbur şəkildə burada saxlamağın mənası yox idi. Həm də “Şamaxı” bu satışdan maddi planda qabağa düşdü.
Şamaxılı futbolsevərlər Pusinin gedişinə üsyan edir, onun yoxluğu ilə heç cür barışmaq istəmirlər. Klubun sosial media səhifələrində yazılanları oxuyanda, Belajdinin legioner kimi ümidləri doğrultduğunu görmək çətin deyil.
Azarkeşlər əsas hücumçunun komandanı tərk etməsini ciddi itki hesab edir.
“Birinci Liqaya “salam” deyin. Bəlkə bəxtiniz gətirə, “Səbail” çıxışını bu şəkildə davam etdirə”.
“Mövsümün sonunu gözləmək lazım idi. Deyəsən I Liqa üçün darıxmısınız”.
“Komandanın ağır dönəmində bu gediş heç yaxşı olmadı. Pusi heyətdə normal oyun göstərən tək hücumçu idi. Ümid edək ki, bu gediş komandaya mənfi təsir göstərməyəcək”.
“1-2 normal oyunçu var idi, onları da yola saldınız”.
“Futbolçu pulla oynayır və kluba məxsusdur. “Şamaxı”, nə etmək istəyirsiniz? Simicliklə heç nə olmur”.
“Çox heyif”.
“Bu, nə pis oldu. Kim oynayacaq oyunun yerində? Təzə gələn, qaça bilməyən braziliyalı?”
“Niyə satdınız onu? İndi nə edəcəksiniz?”
“Belə futbolçunu satarlar heç? Hücumlarda kim iştirak edəcək, kim qol vurub, ötürmə verəcək?”
27 yaşlı futbolçu 2023-cü ilin yanvarından 2024-cü ilin mayına qədər “Turan Tovuz”un şərəfini qoruyub. Pusi ölkəmizdə çıxış etdiyi 2 ildə meydana çıxdığı 75 qarşılaşmada 12 qol və 10 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ