
“Rəqib çox yaxşı komandadır, həm bizim, həm də onlar üçün çətin olacaq”.
“Şamaxı”nın qapıçısı Rikardo Fernandes Sportinfo.az-a komandasının qarşıdakı oyunu ilə bağlı danışıb.
Bazar günü Şamaxıda baş tutacaq oyunun gərgin keçəcəyinə şübhə yoxdur. Portuqaliyalı qapıçı rəqibin gücünü qabardaraq əvvəlki oyunları nümunə göstərib:
“Turan Tovuz” əla müdafiə xəttinə sahibdir. Buna baxmayaraq, oyunlarımız məhsuldar alınır.
Çempionatın ilk yarısında gerçəkləşən iki matçın sonlarında uğursuzluq yaşamışıq.
Şamaxıda qələbənin bir addımlığında olsaq da, penalti qolu ilə hesabı bərabərləşdirmişdilər. Tovuzdakı dueldə görüşün 2:2 bitəcəyini düşündüyümüz anda qələbə topunu vurdular.
Bu, onların döyüşkənliyindən və mübarizliyindən xəbər verir. Ona görə də bunu nəzərə alaraq diqqətli olmalı, son saniyəyə qədər döyüşməliyik.
Ən yaxşı nəticə üçün mübarizə aparacağıq. Bu, qələbə də ola bilər, heç-heçə də.
Hadisələri qabaqlamaq istəmirəm, 90 dəqiqənin tamamı göstərəcək”.
Bu gün Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.
HƏBİB