
Bazar günü bölgədə maraqlı oyun baş tutacaq.
Premyer Liqanın 24-cü turu çərçivəsində “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.
Qarşılaşmaya rəng qatan başlıca məqam təbii ki, şamaxılıların “sükanı” arxasında 2022-2024-cü illə aralığında “Turan Tovuz”u çalışdırmış Ayxan Abbasovun dayanmasıdır.
Abbasov dilinə gətirməsə də, keçmiş komandasına qarşı xüsusi həvəslə hazırlaşması anlaşılandır. Bunu ilk iki dövrədəki matçların nəticələrindən görmək mümkündür.
Şamaxıdakı oyun 2:2 hesabı ilə başa çatmışdısa, Tovuzdakı dueldə qərblilər son dəqiqələrdə vurulan qolla 3:2 hesabı ilə qalib gəlmişdi.
Hazırda Kurban Berdıyevin çalışdırdığı kollektiv qeyri-sabitliyi ilə diqqət çəkir. Zədəlilərin çoxluğu, yeni gələnlərin komandaya və yerli çempionata tam uyğunlaşmaması hər bir halda rusiyalı baş məşqçinin işini çətinləşdirir.
Qış fasiləsindən sonra 5 oyuna çıxan tovuzlular 2 qələbəyə sevinib, 2 heç-heçə edib, 1 dəfə yenilgi acısı yaşamaqla “Zirə”ni özündən önə buraxıb.
Ayxan Abbasov – “Turan Tovuz” faktı bir yana, əsas məqamlardan biri qonaqların xal itirəcəyi halda, ilk “3-lük”dən bir az da uzaq düşmək ehtimalıdır. “Şamaxı” isə xalların sayını mümkün qədər artırmaqla elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Səbail”dən uzaqlaşmaq istəyir.
Bir sözlə, hava şəraiti imkan versə, bazar günü Şamaxıda möhtəşəm qarşılaşmaya şahidlik edəcəyik.
Oyunun start fiti saat 14:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ