
“Şamaxı” hücumçusu Belajdi Pusini satıb.
27 yaşlı hücumçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” (Voronej) ilə razılıq əldə edib.
Mövsümün əvvəlində "Şamaxı"ya qoşulan albaniyalı bu müddət ərzində 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
«Şamaxı»lılar onun keçidindən pul qazanıb. Premyer Liqada qalmaq üçün ölüm-dirim mücadiləsi verən «şirlər» bu transferindən böyük miqdarda gəlir əldə edib.
Rusiya klubu albaniyalı hücumçunun müqabilində onlara 140 min dollar civarında ödəməyi etməyi öz üzərinə götürüb.
Ötən ilin yayında «Turan Tovuz»dan dəvət olunan forvardın kontraktı 4 ay sonra bitəcəkdi. Azərbaycandan getmək üçün özü də «Şamaxı»lı rəsmilərə və məşqçilərə xeyli dil töküb.
Maraq üçün deyək ki, onun buradakı aylıq məvacibi 5000 dollar idi.
«Mənim bir də bu qədər pul qazanmaq şansım olmayacaq» deyib çıxıb gedən Pusinin «Fakel»lə 1+2 illik müqavilə imzaladığını bildirək.
Yerli premyerliqada mübarizə aparan Voronej təmsilçisi 1998-ci il təvəllüdlü forvarda az məvacib ödəməyəcək. bPusibu bu ölkədə hər ay 15 min dollar qazanacaq.
«Fakel» hazırda çətin vəziyyətdədir. Çempionatda işləri qətiyyən yaxşı getmir.
Geridə qalan 18 turda cəmi 2 qələbə qazanan komanda 14 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Aktivində 11 qol olan voronejlilərin passivində 8 heç-heçə və 8 məğlubiyyət var.
Belə götürəndə, «Şamaxı»nın da vəziyyəti gül deyil.
Premyer Liqanı tərk etmək təhlükəsi ilə üzləşən «şirlər» hücumçu sarıdan korluq çəkir. Leroy Mikels zədəlidir, Yanvarda kollektivə qoşulmuş Maykl Tulk isə hələ qol hesabını aça bilməyib.
Digər problem isə düşərgədəki legioner sayıdır. «Şamaxı»dakı əcnəbilərin sayı artıq 12-dir.
Pusinin yerinə başqa xarici gətirilsə, gərək klub onu iştirak ərizəsinə salmaq üçün Peşəkar Futbol Liqasına 50 min manat üzvlük haqqı ödəsin.
Klubun rəhbərliyini tanıyırıq. Qarınları tox olsa da, deyərlər ki, acıq, yeməyə quru çörək də tapmırıq. Belə vaxtda təkcə üzvlük haqqına görə 50 min manat verəndirlər?
Albaniyalı forvarda gələn dəvət məşqçi korpusunu nə qədər dilxor edibsə, rəsmiləri bir elə sevindirib. Çünki borcları var. komandanın bəzi xərclərini qarşılamaq üçün öz ciblərindən pul qoymayıblar, gedib bankda kredit xətti açıblar.
Pusinin satışından gələn vəsaitlə həmin borcu bağlamaq niyyəti güdürlər. Odur ki, «Fakel»in təklifi bu şəxslər üçün göydəndüşmə olub, gözlərinə işıq gəlib.
SPORTİNFO.AZ