
«Şamaxı»da gerisayım davam etmir daha.
Ayxan Abbasov çətinliklə də olsa, prosesin qarşısını kəsə bildi.
«Sumqayıt»ı evdə udandan sonra Tovuzda «Kəpəz»dən 1 xal aldılar.
Qərb bölgəsinə elə bunun üçün gəlmişdilər. Abbasov ayağını yorğanına görə uzadır.
Başa düşür və qəbullanır ki, Premyer Liqanın ən kasıb heyəti ondadır, onlarla isə sabit nəticələr qazanmaq, uzun uğurlu seriya əldə etmək qeyri-realdır.
Tinə vuran futbolçularla ən yaxşı halda çempionatla qalmaq uğrunda mübarizə aparmaq olar, ancaq yenə demək, iddia eləmək olmaz ki, bunu bacaracaqlar.
Tovuzda bir gerçəyin də üzərindən qara pərdə götürüldü: məlum oldu ki, «Şamaxı» iki-üç nəfərin varlığı ilə yoxluğundan asılıdır.
Rikardu Fernandes yenə qapıda yaxşı dayandı. «Şamaxı»da onun kimi ikincisini tapmaq qeyri-mümkündür.
Leroy Mikels onun qədər deyil, açığı. Almaniyalı hücumçu neçə həftədir zədəlidir və meydanda olmaması komandanın irəli ucdakı problemlərini qabardır.
Ayxan Abbasov artıq Cəlal Hüseynova özü qədər inanmır. Bolqarıstandan bəh-bəhlə dəvət olunmuş müdafiəçi indi meydana ehtiyat skamyadan həsrətlə boylanır.
Bu komandada mənim nənəm də oynayar.
«Arda»dan icarəyə götürülmüş Hüseynov «Şamaxı»da da əsas heyətə düşə bilmirsə, yaxşısı budur, butsılarını təcili mıxdan assın, özünə başqa sahə/sənət tapsın.
KAMİL