
Belajdi Pusi "Şamaxı"nı tərk etdi.
"Fakel"dən gələn əla təklif bölgə klubunun bombardirini ölkəmizdən apardı.
Premyer Liqanın ən aşağı büdcəsinə sahib "şirlər"in 140 min dollar təzminata "yox" deməsi asan deyildi.
Albaniyalının özünün ayrılmaqda ciddi israr etməsi də keçiddə az rol oynamadı.
Heç baş məşqçi Ayxan Abbasovun da könlü başqa yerdə olanı yanında saxlamaqda maraqlı olması inandırıcı deyil.
Belədə onun gedişinə görə kimisə qınamaq insafdan olmaz.
Bəs bu ayrılıq tərəflərə nə vəd edir?
Pusi ən pis halda yaxşı qazanc əldə edəcək. "Fakel" üçün uğurlu və ya uğursuz transfer olması isə mövsümün sonu görünəcək.
Burada ən böyük itki payı "Şamaxı"ya düşə bilər.
Bölgə klubu hazırda Premyer Liqada qalmaq uğurunda gedən amansız mübarizənin bir parçasıdır.
Pusi gərgin mübarizədə vurduğu 5 qol, 4 məhsuldar ötürmə ilə komandasına töhfə vermişdi. Bu, kollektivin vurduğu 21 qolun 43%-də birbaşa iştirak etmək deməkdir.
Statistika da göstərir ki, albaniyalı "Şamaxı"nın bir parçası yox, sözün həqiqi mənasında yarısı idi.
Rəqiblər ona görə xüsusi hazırlıqla meydana çıxırdı.
Yoxluğu ciddi boşluq yaradacaq.
Ayrılıq klubun Premyer Liqanı tərk etməsi ilə belə nəticələnə bilər. Bundan ağır zərbə?
Yenidən 1-ci Liqaya qayıdış elita klublarına verilən 3 milyon manatlıq dotasiyadan məhrum olmaq deməkdir.
Deməli, qışda qazanılan 250 min manatın hesabı yayda 12 dəfə artıq zərərlə yekunlaşa bilər.
XANOĞLAN / SPORTİNFO.AZ