![Onun yeri “Qarabağ”dır, “Neftçi”dir, bura necə gəlib düşübsə…](https://www.sportinfo.az/media/2025/02/11/679cff480690043.jpg)
Üçüncü dövrənin ilk üç turunda məğlubiyyət zolağından çıxa bilməyən «Şamaxı»da üzlər gülür indi.
«Sumqayıt» üzərində qazandıqları 1:0-lıq qələbəylə turnir cədvəlində 8-ci pilləyə qayıtdılar.
Ayxan Abbasovun bir gözü gülür, bir gözü ağlayır yəqin.
Tam arxayınam, o, matçdan sonra futbolçularına gül-çiçək bağışlamayıb, onları bağrına basmayıb, alınlarından öpməyib.
Çatışmazlıqları çoxdur «Şamaxı»nın. Birinci yerdə müdafiə xətti gəlir.
Qış fasiləsində 7 transfer ediblər, fəqət, boşluqların hamısı doldurulmayıb.
Güman ki, rəhbərlik baş məşqçiyə əlavə büdcə ayırmayıb, əks halda, daha 1-2 legioner də tapıb gətirərdi.
«Şamaxı»nın müdafiə zonası İstanbulun məşhur çarşı bazarına bənzəyir. Buranı karvansaraya bənzətmək də olar.
Fərdi səhvlərə dönə-dönə yol verirlər. Sevinsinlər ki, qapılarını Rikardı Fernandes qoruyur.
Portuqaliyalı qapıçının yeri «Qarabağ»dır, «Neftçi»dir, Ayxan Abbasov onu «Şamaxı»nın formasını geyinməyə necə razı salıb, maraqlıdır.
Rikardu «Sumqayıt»ın toru silkələməməsi üçün sinəsini topun qarşısına sipər etdi, əlləri, qolları və ayaqlarıyla qapının toxunulmazlığının qayğısına qaldı, «çərçivə» önündə divə döndü.
ELNUR