![Ayxan Abbasov Vaqif Cavadovun atmacasını cavabsız qoymadı](https://www.sportinfo.az/media/2024/11/02/ayxan.png)
"Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, qələbə qazanmaq istəyirdik. Önəmli oyun idi. "Sumqayıt" son 6 oyundur qol vurmurdu. Amma bilirdik ki, möhkəm komandadır. "Sumqayıt"da iki məşqçinin əl işi var. Çətin oyun idi. Futbolçularımda qələbə istəyini görürdüm. İlk hissə rəqibin, ikinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi. Belə matçda qələbə qazanmaq önəmlidir. Çünki turnir cədvəli gərgindir. Çempionat davam edir. Qarşıda "Kəpəz"lə çətin səfər oyunumuz var".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sumqaytı”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- İlk hissədə sanki topu rəqibə vermişdiz. Taktiki gediş idi, yoxsa rəqib sizi buna məcbur etdi?
- Bilirdik ki, "Sumqayıt"a imkan versək, hücum edəcək. Birinci hissədə onlar bizə imkan vermədilər. Futboçularım soyuqqanlılığı itirdilər. Fasilədə fərqli söhbətlərimiz oldu. Premyer Liqada bir komandadan başqa heç kim hər iki hissəni eyni tempdə oynamır. Səbəblər rəqibdən asılıdır.
- Vaqif Cavadov bildirdi ki, "Şamaxı" qələbəni xüsusi qeyd etdi, amma hələ bizi keçməyiblər. Rəqib həmkarınızın sözlərini necə şərh edərdiniz?
- Vaqif gənc məşqçidir. Mən "Sumqayıt"da olanda orada akademiyada çalışırdı. Mən həmişə deyirdim ki, Vaqifdə böyük postensial var. Bizim sevinməyimiz qıcıq vermək üçün deyildi. "Sumqayıt"da bizi məğlub edəndə sevinir. Kimin kimi keçəcəyi mövsümün sonunda bilinəcək. Bizim üçün xoşdur ki, "Sumqayıt" da bizdən qabaqda olduğu üçün sevinir..