COP29

Bölgə klubu "qara zolaq"dan çıxa biləcək? - Arzuladıqları gəlir...

4 Fevral 23:00 Şamaxı 283
Bölgə klubu "qara zolaq"dan çıxa biləcək? - Arzuladıqları gəlir...

Qış fasiləsindən sonra özünə bənzəməyən klublardan biri də "Şamaxı"dı.

Fasiləyə "Sabah" üzərində parlaq qələbə ilə yollanan "şirlər"in istirahətdən sonra daha güclü qayıdacağı gözlənilən idi.

Amma hər şey tam əksinə gedir.

3 oyunda kollektiv 1 xal qazana bilməyib.

Oyun olaraq ciddi problem görünmür. "Zirə", "Qarabağ" və "Neftçi" kimi rəqiblərlə görüşdə "Şamaxı" layiqli mübarizə aparıb. Bəzən üstün tərəf olub ki, geri qalmayıb.

Bəlkə də nəticələrin olmaması məhz elə rəqiblərin adı ilə bağlıdır. Təqvimi bu baxımdan heç də uğurlu saymaq olmaz.

Qarşıdan isə üç əhəmiyyətli görüş gəlir. Təqvim də kifayət qədər münasib.

Evdə "Sumqayıt" və "TuranTovuz"u qonaq edəcək "şirlər" bu iki matçın arasında "Kəpəz"lə səfər görüşünə yollanacaq.

"Kəpəz" və "Sumqayıt" heyət, büdcə, keyfiyyət baxımından "Şamaxı"nın uğursuz seriyaya son qoyması yolunda uyğun fürsət sayıla bilər.

Həm də liqada qalmaq uğurunda gedən gərgin mübarizədə mövqeyi itirməmək anlamında iki qarşılaşma həyati əhəmiyyət kəsb edəcək. Minimum vəzifə məğlub olmamaq olacaq.

Bura "Turan Tovuz"la qarşılaşmanı da əlavə edə bilərik. Düzdü, Qərb təmsilçisinin iddiası kimi heyət və büdcəsi də böyükdür. Kurban Berdiyevin kollektivi şanslı tərəf kimi görünür. Amma Ayxan Abbasov amilinə görə matçın prinsipial keçəcəyi heç kimə sirr deyil. Arxada qalan iki dueldə olduğu kimi. Tovuzlular evdə qələbə qolunu son dəqiqədə vurmuşdusa, Şamaxıda son dəqiqədə bərabərlik qoluna sevinməli olmuşdu.

Bu dəfə uğurlu nəticə meydan sahibləri üçün əvvəlki iki görüşdən də önəmlidir.

Qısası, qarşıdakı 3 tur "Şamaxı" ilə bağlı bir çox sualların cavabı olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti