.jpg)
"Şamaxı"nın qış fasiləsində böyük ümidlərlə heyətinə qatdığı futbolçulardan biri də Cəlal Hüseynov oldu.
22 yaşı olmasına baxmayaraq əsas milli komandaya kimi yüksələn müdafiəçi son 1,5 ili legioner həyatı yaşayırdı.
Bolqarıstan təmsilçisi "Arda"da.
Özü də əsas heyət üzvü kimi.
48 matçda forma geyinməsi buna əyani sübutdur. O, bu görüşlərdə 1 dəfə fərqlənməyə də macal tapa bilmişdi.
Elə gözləntilərin böyük olması da yuxarıda sadaladığımız faktlara söykənirdi.
Hər halda ilyarım az müddət deyil. Stabil meydanda olan arxa xətt oyunçusu Avropada özünü bir xeyli inkişaf etdirməli idi.
Amma Cəlal "Şamaxı" formasında keçirdiyi ilk oyunlardan başlayaraq bütün gözləntilərin altında qaldı.
Ciddi mövqe səhvləri, ikili mübarizələrdə uduzması qabarıq diqqət çəkir. Passivində 1 avtaqol olmasını da qeyd etmək yerinə düşər. "Qarabağ"la görüşdə topu öz qapısına göndərən Cəlal məğlubiyyətdə (2:3) əsas səbəbkar olmuşdu.
Elə "Zirə" ilə oyunda da (1:2) onun Salifu Sumanı tam sərbəst buraxması ikinci qolda az rol oynamamışdı.
"Neftçi" ilə görüşdə başlayaraq ehtiyatda qalması məhz həmin ciddi xətaların nəticəsidir.
Ötən tur "Sumqayıt"la matçda Ayxan Abbasov onu dayaq yarımmüdafiəçisi kimi yoxladı. Burada da ümidləri doğrulda bilmədi. "Kəpəz"lə oyunda ağır səfər və ciddi itkilərə rəğmən ehtiyatda qalmasına başqa nə ad verək?
Görünür, "Şamaxı"dan ayrılanda performansı kifayət qədər yaxşı olan "18 nömrə" Bolqarıstanda artırmaq əvəzinə geriləyib.
Cəlalın əsas heyət uğurunda rəqabətdə ötən mövsümü Birinci Liqada keçirən Arsen Ağcabəyova uduzması isə sadəcə fiaskodur.
Deyəsən, Bolqarıstan Super Liqasında bizim Birinci Liqa səviyyəsində də artırmaq mümkün olmayıb.
XANOĞLAN / SPORTİNFO.AZ